Allah öz ruhundan üfürdü?

627
Allah öz ruhundan üfürdü?

Allah Öz ruhundan bizə üfürmüşdür - bu, nə isə xüsusi mənadır, yoxsa bu sadəcə bir metafordur?

Əgər insan Allahın ruhuna malikdirsə və cəhənnəmə daxil olub əzab görürsə - bu, nə qədər doğrudur?

Bunu qeyd edək ki, cəhənnəmə düşən hər bir kəs artıq insanlığını itirmiş şəxs olar və necə ola bilər ki, onda insanlıq ruhu qalmış olsun? Zahirdə insana bənzəsə də, ancaq batində və ruhunda vəhşi və yırtıcı bir heyvandır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, insan dünyaya gələn zaman bir neçə ruha malik olar, o cümlədən: bitki ruhuna, heyvan ruhuna, bəşər ruhuna. Ancaq hər bir insanda başqa iki dərəcə ruh əldə etmək istedadı vardır ki, biri iman ruhudur və o birisi də ruhul-qudusdur. Ona Allahın ruhu da deyirlər.

İnsan əgər özünü iman ruhu dərəcəsinə çatdırarsa, o zaman insan sayılar. Ancaq Xəlifətullah olmaq hər insanın işi deyildir. Hər kim Məsumlar (ə) kimi bu ismət məqamına çata bilərsə, o zaman ruhul-qudusa malik olar.

Bəs ruhul-qudus nədir? Bu ruh İlahi övliyalara və İlahi xəlifələrə aiddir. Allah Təala Həzrət Adəm (ə) barəsində buyurmuşdur: "Elə ki, onun bədəninin yaradılmasını tamamladım və Öz ruhumdan ona üfürdüm, hamınız səcdə halında onun qarşısında yerə düşün". ("Sad" 76).

Bəli, bu ruh Həzrət Adəmdə (ə) olmuşdur. Bu ruh haqqında nəzərlər müxtəlifdir.

Əbu Bəsir nəql edir ki, İmam Sadiqin (ə) yanında idim və söhbət Qədr gecəsində ruhun nazil olmasından düşdü. Soruşdum: "Qurbanın olum, məgər ruh - Cəbrayildir?".

Həzrət (ə) buyurdu: "Cəbrayil (ə) - mələkdir, ruh isə mələkdən də böyük varlıqdır".

İmam Sadiq (ə) başqa yerdə buyurur: "Peyğəmbərlərdə və vəsilərdə beş ruh vardır: bədən ruhu, ruhul-qudus, ruhul-qüvvə, ruhu-şəhvət, ruhu-iman.

Möminlərdə dörd ruh vardır ki, ruhul-qudus yoxdur.

Kafirlərdə üç ruh vardır: bədən ruhu, şəhvət ruhu və qüvvət ruhu.

İman ruhu bədənlə o zamana qədər olar ki, insan kəbirə günahı etməmiş olsun. O zaman ki, kəbirəni yerinə yetirər, ruh ondan ayrılar.

Ancaq əgər ruhul-qudus hər kəsdə olsaydı, heç bir zaman kəbirə günah yerinə yetirməzdilər".

Beləliklə aydın olur ki, Allahın Öz ruhu dedikdə məhz ruhul-qudus nəzərdə tutulmuşdur ki, bu ruh da ancaq peyğəmbərlərdə və onlarınvəsilərində olur. Onlar isə heç bir zaman cəhənnəmə düşmürlər.

Xəbər lenti