Nasaz və ya plombu pozulmuş taksometrlə (yol haqqını hesablayan taksi sayğacı) sərnişin daşıyan taksi sürücüləri cərimələnəcək.
Bu barədə millət vəkili Vüsal Hüseynov öz Feysbuk səhifəsində qeyd edib. Bildirib ki, Milli Məclisdə müzakirə ediləcək yeni qanun layihəsinə əsasən nasaz və ya plombu pozulmuş taksometrlə sərnişin daşıyan taksiləri 40 manatdan 50 manatadək məbləğdə cərimə gözləyir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Metbuat.az-a açıqlamasında qeyd edib ki, Yol hərəkəti haqqında Qanunun tələbi pozulursa, bu xətanı törədən hər bir hərəkət iştirakçısı məsuliyyətə cəlb edilir:
“Söhbət taksi fəaliyyəti ilə məşğul olan sürücülərin törətdikləri xətalardan gedirsə, onlar da başqa sürücülər kimi qanunun tələblərinə uyğun hərəkət edib, sərnişin daşınmasında nümunəvi xidmət göstərməlidirlər. Nəqliyyat vasitəsi taksi fəaliyyəti ilə məşğul olmaq üçün göstərilən tələblərə uyğun olmalıdır. Yəni, onun rəng qrafikası, salonda tələb edilən sayğac, eyni zamanda spidometr və digər göstəricilər öz yerində olmalıdır. Təbii ki, Yol hərəkəti haqqında Qanunla tənzimlənən bu xətaların pozulması ilə bağlı sürücülər məsuliyyətə cəlb oluna bilər”.