"Gəlinim tapılıb. Amma kaş ki, tapılmayaydı”.
Mynews.az bildirir ki, bunu AzNews.az-a açıqlamasında Göygöl rayonunda evdən qaçan iki aylıq gəlin - Asiya Ağakişiyevanın qayınatası Tanrıverdi Bayramov deyib. Onun sözlərinə görə, Asiya polis şöbəsinə verdiyi izahatda qayınatasının ünvanına ağır ittihamlar yazıb:
"Gəlin olasan, oturduğun yerdə evindən qaçasan və adama heç nədən şər atasan? Gəlinim bizi şərləyib. Deyib ki, qayınatam mənə zəhər verib. Polis şöbəsində izahat verib ki, guya onu Gəncədə bir qoca arvad saxlayıb, onunla qalırmış. Anlaya bilmirəm, qoca arvad 13 gündə çıxıb bir dəfə zəng eləmədi, demədi ay qonşu, evimə bir qız gəlib? Ay bala, sənin atan, anan narahat olar? Asiya hazırda atası evindədir. Bir dəfə bizdə olanda pomidor turşusundan zəhərlənmişdi. Atasına dedim ki, qızın zəhərlənib. Gəldik ona su, qatıq verdik, keçdi. İndi gedib polis şöbəsində izahat verib ki, "məni yola vermirdilər, zəhər içib özümü öldürmək istədim”. Oturduğum yerdə işə düşmək buna deyirlər. Mən bunu belə qoymayacam. Axşam onunla üz-üzə oturdum. Dedim ki, biz sənə güldən ağır nə demişik? Başını salıb aşağı, polisə deyir ki, "məni burdan apar”. İki ay evimin gəlini olub, ona gözün üstə qaşın var deyən olmayıb”.
Tanrıverdi Bayramovun sözlərinə görə, Asiya evliliyi ilə bağlı son fikrini bildirib: "Qız deyir ki, mən o evə qayıtmayacağam. İkincisi də, o gəlin bundan sonra mənə lazım deyil. Bu biabırçılıqla mən yaşaya bilmərəm. Mən kamerada onun getməyinə yenidən baxdım. O, evdən çıxanda hazırlıqlı çıxıb. 3 dənə üst-üstə kofta geyinib, sonra başqa seylər də götürüb könüllü şəkildə taksiyə oturub gedir. Hara gedir, onu kim qarşılayıb - bax bu, artıq polisin işidir. O gəlini mən aparıb neyləyəcəm? Oğlum da onu qəbul eləmir. Bütün kənd bizi tanıyır, 13 gün evdə olmayan gəlini kim evinə buraxar? Bütün Azərbaycan bizdən danışır”.
Xatırladaq ki, Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Rayonunun Mollacəlilli kəndində yaşayan 20 yaşlı Asiya Ağakişiyeva 13 gün axtarışdan sonra Gəncədə kirayə tutduğu mənzildə tapılıb.