Bu dəfəki qəhrəmanlarımız balaca olsalar da, həyatın ən ağır sınaqlarını görmüş Elçin və Aygündür. Bu körpələr heç vaxt isti ailə qayğısı görməyiblər. Saçlarına sığal çəkən, üzlərini oxşayan olmayıb. Aygünün hələ 4, Elçinin isə 5 yaşı var. Onlar hələ yeni-yeni sözlər deməyə başlayıblar. Öyrəşmişik ki, uşaq dil açanda əksər vaxtlarda ya "ana" deyir, ya da "ata". Bu balacalar isə bəlkə özləri də qərar verə bilmirlər ki, nə desinlər, necə desinlər, hardan başlasınlar. Onları sığınacağa gətirən qadın isə deyib ki, Elçinin ilk sözləri “çörək” olub…
Publika.az “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə sığınan 2 balaca gül balanın - Elçin və Aygünün (adlar şərtidir - red.) dilə gətirə bilmədikləri faciəli həyat hekayəsini təqdim edir:
“Uşaqlar bu günə qədər sağ qalıblarsa, kənd sakinləri sağ olsunlar”
Sığınacaqda bu körpələr haqqında yazmaq istədiyimi dedim. Beləcə başladıq söhbət etməyə. Əvvəlcə hər ikisinə çantamdakı peçenyedən birini verdim, məncə dadını sevdilər. Danışmağa çəkinirdilər, bu yaşda uşaqlar hələ təzə-təzə dil açır axı. Onlar isə dil açan vaxtlarında küçələrdə camaata bir dilim çörək üçün əl açıblar. Sığınacaqda onlara baxan xanım deyir ki, bura gətirildikləri günə qədər heç kim onlara yaxın durmurmuş:
“Uşaqlar Sabirabaddan gətirilib. Körpə yaşlarından onları küçəyə atıblar. Bilmirik, bəlkə də hardansa gətirib atıblar bura, bəlkə də yaxınlıqda olub ailəsi. Uzun müddət onlar küçələrdə qalıblar. Kənddə yay-qış demədən ağac diblərində bir-birini qucaqlayıb yatırdılar. Uşaqlar bu günə qədər sağ qalıblarsa, kənd sakinləri sağ olsunlar. Gücü çatandan hər kəs bir tikə çörək verirmiş. Bir gün biri evdə istifadə edilməyən köhnə-para bir paltar geyindirirmiş, bir gün biri. Arada yada düşəndə uşaqları yuyundurublar da. Amma nə qədər olmsa da, yardımlar da bir yerə qədər davam edib. İnsanları qınamaq olmur, hər kəsin öz qayğısı, problemi var. Sonra bu uşaqlar unudulub. Küçələrdə nə yedikləri bəlli olub, nə geydikləri. Küçədən keçən hər kəsin əlinə baxıblar ki, bəlkə kimsə onlara çörək verə. 4 yaşı var oğlanın, günlərlə ac qalıblar, sanki Allah dilə gətirib uşaqları. İlk sözləri “çörək” olub. Ataları ümumiyyətlə imtina edib bu uşaqlardan. Deyilənə görə, uşaqların ətrafında hərdən 2 arvad fırlanırmış, maraqlanırmış. Başqa heç kim nə axtarıb, nə soruşub. Kəndlilərdən 2-3 nəfər yığışıb uşaqları bizim sığınacağa gətiriblər. Bura gələndə üst-başları elə vəziyyətdə idi ki, sözlərlə ifadə etmək çətindir. Biz onları yuyundurduq, təmiz paltarlar geyindirdik, yemək verdik. Uşaqlarda ilkin yemək yemək, təbii ehtiyacları qarşılamq üçün vərdişlər də formalaşmamışdı. Süfrədə otura bilmirdilər. Yerdə oturub əlləri ilə yemək yeyirdilər, kənara düşən kiçik çörək qırıntısını belə götürüb ağızlarına qoyurdular. Yavaş-yavaş onlara süfrədə oturmağı, normal yeməyi öyrətdik, digər uşaqlarla oynamağa başladılar. Amma hələ də hiss olunur ki, sığınacaqdakı qadınlar uşaqlarını əzizləyəndə bu iki balaca çəkilir bir tərəfə uzaqdan onları izləyirlər.
Evlərinin harda olduğunu da təsvir edə bilmirdilər. Sonra sığınacağa 2 qadın gəldi və uşaqların onların olduğunu dedilər. Qadınlar uşaqların sənədlərini təqdim edəndə orada ata adının fərqli olduğunu gördük. Bizə qəribə gəldi. Soruşanda isə dedilər ki, guya xanımın yoldaşının 2 adı olub və sənədlərdən birində bir adını, o birində də ikinci adını istifadə edib. Lakin məsələ o qədər qarışıq idi ki, biz güvənib uşaqları onlara təhvil verə bilməzdik. Onları niyə küçələrə atdıqlarını bizə izah etmələri isə ayrı bir məsələ idi”.
Qadın danışdıqca uşaqların baxışları diqqətimi çəkirdi. Gözlərini elə zilləyib baxırdılar ki, sanki canlarının necə yandığını baxışları ilə insana çatdırmağa çalışırdılar. Balacalara bir müddətlik sahib çıxacaqlarını, onları isti yemək, yataqla təmin edəcəklərini deyən sığınacaq işçiləri onlarla mehriban davranaraq, psixoloji durumlarını düzəltməyə çalışırdılar:
“Uşaqlar onları görmək üçün gələn qadınlardan qorxurdular. Getmək istəmədiklərini deyirlər. Qadın isə iddia edir ki, uşaqlar onlarındı. Əslində isə biz araşdırdıq və məlum oldu ki, uşaqlardan biri ananındı, o biri isə qızının. İkisi də doğub, bir müddət baxıb, sonra isə onları atıblar. Qızı qeyri-qanuni uşaq dünyaya gətirdiyi üçün anası qızının da uşağını öz adına qeydiyyata saldırıb. Hazırda isə heç birinin normal ailə münasibətləri yoxdur. Nənəsi uşaqların uşaq evinə verilməsini istəyir. Qız isə yox. Uşaqlara yazığımız gəlir, kimsəsiz, bu yaşda küçələrdə qalıblar. Amma biz onları burda uzun müddət saxlaya bilmərik. Qadınlarla danışıqlara getməyimizin səbəbi bu idi ki, bəlkə, fikirilərindən daşınarlar, uşaqları özləri ilə götürərlər. Amma görünən o idi ki, onlar uşaqlardan canlarını qurtarmaq istəyirlər. Hiss olunurdu ki, qız öz uşağın götürmək istəyir, amma anası icazə vermir. Biz ona dedik ki, evləndiyin adama uşağımdı demə, bacımdı de, yanında saxla. Dedi, mümkün deyil. Biz də məcbur qaldıq, yazılı şəkildə kağız aldıq onlardan. Vaxt qoyduq ki, yanvarın 28-nə qədər gəlib uşaqları götürməsəniz, dövlət orqanlarına xəbər veriləcək ki, onları uşaq evlərinə yerləşdirsinlər”.
Deyilən vaxt tamam olmuşdu. Qadınlar gəlməmişdilər. Ancaq hər kəsin ürəyində hələ də onların gələcəyinə dair kiçik bir ümid var. Bütün bunlar bir yana, uşaqların taleyinin necə olacağı isə hər kəsi narahat edirdi:
“Hələ ki, uşaqların sənədlərini hazırlayırıq. Təəssüf ki, valideynləri ilə danışıqlarımız lazımi nəticəni vermədi. Amma inanırıq ki, dövlətimiz bu iki gül balaya daha yaxşı baxacaq. O qadınlar bir dəfə uşaqları atıblar. İkinci dəfə eyni addımı atmayacaqlarına heç kim zəmanət verə bilmir. Uşaqların özləri də onlarla getmək istəməmişdilər”.
Söhbətimizi yekunlaşdırıb sığınacaqdan getməyə hazırlaşırdıq. Əslində bu əhvalata psixoloji hazır deyildik. Dinlədikcə, ağlımda sullar uçuşurdu. Çox ümid edirəm ki, sabah bu balacalar həyatın künc-bucağında səfil həyat tərzi keçirməyəcəklər. Bizi qapıya qədər ötürən balacalar bir-birinin əlini bir saniyə belə olsun, buraxmırdılar. Sanki öz kiçik dünyalarında dərk edirdilər ki, ayrı düşsələr, bir də heç kim və heç nə onların bir yerə gəlməsi üçün çabalamayacaq.