Dünya mətbuatı Xocalı faciəsinə biganə qalmadı

908
Dünya mətbuatı Xocalı faciəsinə biganə qalmadı

Bu gün Azərbaycanda xalqımızın tarixinə ən qanlı soyqırım kimi düşmüş Xocalı faciəsinin 26-cı ildönümüdür.

Mynews.az xəbər verir ki, məhz 1992-ci ilin bu günündə erməni quldur birləşmələri 366-cı motoatıcı alayın dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini mühasirəyə alıb və viran qoyub.

Ermənilərin törətdiyi qırğın nəticəsində 444 kişi, 106 qadın, 63 uşaq olmaqla, 613 nəfər həlak olub. 150 nəfərin aqibəti barədə indiyə kimi heç bir məlumat yoxdur.

Bu gün bütün dünyada insanlar həmin dəhşətli hadisənin qurbanlarının xatirəsini anır.

Azərbaycan xalqı vəhşi erməni döyüşçülərinin kiçik Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi azğın əməllər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması səylərində tək deyil.

Xocalı qurbanlarını anan müxtəlif ölkələrin dövlət başçıları, hökumətləri, parlamentləri və nüfuzlu təşkilatların rəsmi nümayəndələri ilə yanaşı, dünya mətbuatı da Xocalı faciəsinə biganə qalmayıb.

Aparıcı dünya mətbuatı 1992-ci ildə faciəni işıqlandırdığı və ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə dünyaya car çəkdiyi kimi, bu gün də dəhşətli soyqırıma biganə qalmayaraq,  həmin qorxulu gecənin hadisələri barədə xatırlatma verib.

Rusiyanın RİA “Novıy den” nəşri beynəlxalq ictimaiyyətin Xocalıda törədilən cinayətlərə görə bu günə kimi rəsmi Yerevanın əleyhinə ittiham hökmü çıxaracaq gücdə olmadığını yazır.

“Habelə erməni lider Azərbaycanla münaqişəyə son qoymaq niyyətində deyil. Onun Azərbaycan xalqına qarşı gerçəkləşdirdiyi təcavüzə son qoyub-qoymayacağı beynəlxalq ictimaiyyətdən asılıdır: beynəlxalq ictimaiyyət erməni təcavüzünə dinməz şəkildə  göz yumsa, münaqişə tərəflərdən biri tam məhv olana qədər davam edəcək”.

Digər Rusiya nəşri “Nezavisimaya qazeta”nın yazdığına görə, Xocalı şəhərində əhaliyə – etnik azərbaycanlılara qarşı törədilən əməllər beynəlxalq hüquqi sənədlərə əsasən, soyqırım olaraq tövsif olunur və beynəlxalq hüquq prinsiplərinə görə, insanlığa qarşı törədilmiş cinayət hesab olunur:

“Bu cinayətin məhz Azərbaycan etnik qrupuna qarşı yönəldiyi göz önündədir, xüsusi niyyətin olması ilə yanaşı, bu, soyqırımın əsas əlaməti sayılır”.

“Acı Xocalı hadisələrindən dərs çıxaran olacaq?” başlıqlı məqalədə“Siyasi Xəbərlər Agentliyi”nin müəllifi Leonid Frayberq  26 il əvvəl Azərbaycanın Xocalı şəhərində baş verənlərin təkcə azərbaycanlılara deyil, eyni zamanda, hamıya acı dərs olduğunu yazır: 

“O dərs ki, hələ dünən sülhsevər və mədəni olan insanlar necə tez bir zamanda vəhşiləşir və təkcə etika deyil, hüquq da siyasətin qurbanına çevrilir”.

“Bu dərs onillərdir ki, uzanır. Bu dərsi öyrənən olub?”, - deyə L.Frayberq fikrini sualla tamamlayır.

“Novaya qazeta” nəşri isə öz oxucularını Xocalı soyqırımı qurbanları ilə tanış etməyi qərara alır.

“Unutmaq mümkün deyil” başlıqlı fotoreportajda qəzet oxucularını Xocalıda həmin dəhşətli gecənin şahidləri ilə tanış edir, bu insanların verdiyi itkilər, ermənilər tərəfindən öldürülən qardaş-bacıları, ata-anaları barədə məlumatlar təqdim olunur.

Qeyd edək ki, Xocalıda dinc əhaliyə qarşı törədilən qırğınların dünya mediasında işıqlandırılması bununla bitmir.

Aşağıda faciəyə biganə qalmayan digər mətbuat orqanlarının adları göstərilib:

“Bloknot”

“Dni.ru”

“İnfoks”

“Arqumentı nedeli”

“Trud”

“FederaL Press”

“Tribuna”

“Utro”

“Svobodnaya pressa”

Xəbər lenti