Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin ailə üzvləri üzərinə həbs qoyulan əmlaklarının geri qaytarılması üçün məhkəməyə müraciət ediblər.
Mynews.az report-a istinadən xəbər verir ki, bu barədə Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin hökmü ilə bağlı verilən apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində elan olunub.
Məlum olub ki, İ.Əliyevin ailə üzvləri E.Quliyev və A.Mehdiyevin barəsində Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdən narazı qalıblar. Belə ki, məhkəmə hökm çıxaran zaman işdə olan İ.Əliyevə və ailə üzvlərinə məxsus üzərində həbs qoyulmuş əmlakların müsadirə edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, İ.Əliyev və onun ailə üzvlərinə məxsus əmlaklar cinayət yolu ilə əldə edilib. Həmin qərardan narazı qalan İ.Əliyevin ailə üzvləri apellyasiya şikayəti veriblər.
Şikayət araşdırılması üçün hakim Sahibxan Mirzəyevin icraatına verilib. İ.Əliyevin ailə üzvlərinin şikayəti E.Quliyev və A.Mehdiyevin işi ilə birləşdirilib, eyni icraatda araşdırılacaq.
Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib.
Xatırladaq ki, İ.Əliyev 2015-ci ilin oktyabrında həbs olunub. O, həmin il dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar edib. Bundan sonra İ.Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb, onun işi üzrə istintaq hərəkətləri prokurorluqda davam etdirilir.
İlqar Əliyevin intihar etməsi ilə bağlı cinayət işinə xitam verilib.
İ.Əliyevə məxsus Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa (798 min manat), Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi (180 min manat), N.Nərimanov prospektində obyekt (418 min manat), Nabranda 6 sot torpaq (12 min manat), Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri (12 min 400 manat), Mərdəkan qəsəbəsində bağ evi (192 min manat), Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi (21 min manat), Göyçay şəhərində daşınmaz əmlak (114 min manat), Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi (7200 manat) olan əmlakaların üzərinə həbs qoyulub.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.
Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.
E.Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.