Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə İsmayılov Xəyyam Bayram oğlu dindirilib. O, mərhum atası Bayram İsmayılovun hüquqi varisidir.
İttihama görə, Bayram İsmayılov ev almaq üçün Gündüz Hüdeynova 14500 manat pul verib.
Xəyyam İsmayılov söyləyib ki, atası jurnalistlər üçün tikilən binadan ev almaq üçün həmin pulu G.Hüseynova verib, amma sonradan nə ev, nə də pullarını geri ala bilməyiblər:
“Bu iş uzanmağa başladı. Zəng eləsək də zənglərimizə cavab vermirdi. Telefonu söndürmüşdü. Biz də şikayət etdik. Atamın verdiyi puldan əlavə 18500 manat da özüm vermişəm. Notarius qaydada verdim pulları. Bunu təsdiq edən sənədi də məhkəməyə təqdim edə bilərəm”.
Ötən məhkəmədə zərərçəkmişlərdən Xalidə İsmayılova da ifadə verərək ev almaq üçün 42 min manatı Gündüz Hüseynova verdiyini demişdi. Amma Gündüz Hüdeynov həmin pulu Xalidədən Xəyyamın aldığını söyləmişdi.
Xəyyam İsmayılov bu iddiaya cavab verib və söyləyib ki, həmin puldan bir qəpiyi də ona çatmayıb.
Məhkəmədə məlum olub ki, müğənni olan Xəyyam İsmayılov həm də “Zaman Press” qəzetinin işçisi olub. O da atası kimi Gündüz Hüseynovdan jurnalist vəsiqəsi alıb.
Xəyyam İsmayılov ixtisasca jurnalist olmadığını ancaq bu işə həvəsli olduğunu söyləyib: “Həvəsim var idi. Həftədə bir dəfə qəzet çıxanda gedirdim. Yazıları oxuyub hərf səhvlərinə baxırdım. Sonra da satış köşklərinə gedib qəzetin satılıb-satılmadığını yoxlayırdım”.
Məhkəmənin davamında təqsirləndirilən Gündüz Hüseynovun xanımı Yeganə Hüseynova zala daxil olub. O, qucağında 18 günlük körpəsini də məhkəməyə göstərərək söyləyib ki, yazdığı məktubun məhkəmə tərəfindən qəbul edilməsini istəyib.
O, məhkəməyə təzyiq formasında bildirib ki, məktubu qəbul edilməyəcəyi təqdirdə uşağı elə bu zalda qoyaraq gedəcək. Yeganə Hüseynova sonra uşağı məhkəmə salonuna qoyaraq zaldan çıxıb. Hakim bunu məhkəməyə təzyiq və şantaj kimi qiymətləndirib. Nəzarətçilərin müdaxiləsindən sonra Y.Hüseynova körpəsini götürərək məhkəməni tərk edib.
İttihama görə, Gündüz Hüseynov öz işçilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu dələduzluqla almaqda ittiham olunur.
Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.
Bildirək ki, “Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.
Gündüz Hüseynov ayrı-ayrı şəxslərə qəzetin vəsiqəsini verib. Həmin şəxslərə jurnalistlər üçün tikilən binadan ev almasına kömək edəcəyini deyib.