9-cu siniflərin NƏZƏRİNƏ! Buraxılış imtahanı martın 4-də

661
9-cu siniflərin NƏZƏRİNƏ! Buraxılış imtahanı martın 4-də

 Martın 4-də mumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.

Dövlət İmtahan Mərkəzindən Xeberle.com-a verilən məlumata görə, həmin gün ümumilikdə 36846 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə fevralın 23-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan saat 11:00-da başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 80 imtahan mərkəzi ayrılıb.

İmtahanda 36846 (Yasamal rayonunda 3082, Binəqədi rayonunda 4062, Səbail rayonunda 1597, Xətai rayonunda 3581, Xəzər rayonunda 2902, Nərimanov rayonunda 2212, Suraxanı rayonunda 2991, Sabunçu rayonunda 4784, Nəsimi rayonunda 2287, Qaradağ rayonunda 2100, Nizami rayonunda 2504, Pirallahı rayonunda 367, Naxçıvan Muxtar Respublikasında 3499, Şirvan şəhərində 878) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına ümumilikdə 240 imtahan rəhbəri, 2942 nəzarətçi‑müəllim ayrılıb.

Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə martın 3-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək. 

Xəbər lenti