Bakıya yağmayan qar ekoloqla direktoru üz-üzə qoydu "Sən Allahsan ki, onun yerinə...?"- QALMAQAL

548
Bakıya yağmayan qar ekoloqla direktoru üz-üzə qoydu "Sən Allahsan ki, onun yerinə...?"- QALMAQAL

Bu il ölkənin bəzi regionlarında qarlı, şaxtalı hava hökm sürsə də, bəzi regionlarda mövsümə uyğun olmayaraq havalar mülayim keçdi. Xüsusən, bu il paytaxt Bakıda qış fəslinin keçdiyini demək çox çətindir. Mövsümə uyğun olmayan havanın şəraiti çoxlarının ürəyindən olsa da, qış fəslində bu cür hava insan səhhətinə, kənd təsərrüfatına ciddi zərərləri var. Həkimlər bunu bakteriyalar və virusların məhv olmaması ilə əlaqələndirirlər. Ekspertlər qışın mülayim keçməsi ilə infeksion xəstəliklərin artdığını deyir. 2017-ci ilin dekabrı da daxil olmaqla, 2018-ci ilin yanvar ayında da insanlar arasında kütləvi formada yüksək temperatur, boğaz və baş ağrıları, halsızlıq, öskürəyin artması müşahidə olundu.

Qarın yağmamsı insan səhhəti ilə yanaşı, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını aşağı salır. Artıq qış mövsümünün üçüncü ayını yaşayırıq. Ara-sıra bəzi rayon və şəhərlərdə sulu qar və qar yağsa da, hələ də Bakı və Abşeron yarımadasına gözlənilən qar yağıntısı düşməyib. Tarixən qarın torpağa, əkinçiliyə, bir sözlə, kənd təsərrüfatı sahəsinə böyük xeyri olması ilə bağlı fikirlər var. Bəzi ekspertlər qeyd edir ki, qar torpağın nəmliyini artırır, zərərvericiləri öldürür. Qarın yağmaması təbiət alimləri, ekoloqlar tərəfindən müzakirələrə səbəb olub. Bir qrup tədqiqatçılar hesab edir ki, qlobal buzlaşma dövrü başlayır. Bəzi ekspertlər isə hazırda planetimizdə qlobal istiləşmə prosesinin əvvəlki dövrlərlə müqayisədə çox sürətlə getdiyi qənaətindədirlər.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov APA İnformasiya Agentliyinə açıqlamasında deyib ki, qış aylarında Bakıya qarın yağmaması iqlim dəyişmələri, istiləşmə ilə bağlıdır. O, bundan sonra belə olacağını bildirib. Akademikin sözlərinə görə, planetin qlobal temperaturu yüksəlir: "Qış aylarında havaların mülayim keçməsi, fevral ayında qarın yağmaması iqlim dəyişmələri ilə bağlıdır, başqa səbəbi yoxdur. Bunların fəsadlarını həyatımızda mənfi hiss edirik. Qar özü ilə bərəkət gətirir. Başqa tərəfdən, mikroblar ölür, xəstəliklər azalır. Eyni zamanda, qarın yağması yuxarı dağlarda su ehtiyatının yığılması deməkdir. İstilər düşəndən sonra qar əriyir, çaylarda ilboyu su olur, insanlar ondan istifadə edirlər. Bütün bunlar olmayacaq. Qlobal istiləşmə təbii ki, insan sağlamlığında mənfi təsirlərini də göstərəcək".

İnstitut direktoru Xəzər dənizində suyun səviyyəsinin hazırkı vəziyyətinə də toxunub. O qeyd edib ki, suyun səviyyəsi ilə bağlı ciddi narahatlıq yoxdur: "Xəzərdə suyun səviyyəsinin qalxıb-enmə halları müşahidə olunsa da, azdır. Bu, ekstremal hal deyil".

“Sən Allahsan ki, onun yerinə proqnozlar verirsən?”
Mynews.az xəbər verir ki, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov “Cümhuriyət” qəzetinə bildirib ki, bu il qış mövsümündə temperatur 5-10 dərəcədən yuxarı qalxmayıb: “Son iki-üç gündür ki, havanın temperaturu 11-12 dərəcəyə qalxmağa başlayıb. Bəzi alimlər ağzına gələni deyir. Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov çox yalan danışır. O fizikdir, öyrənsin görək Günəşdə nəyə görə partlayış baş verir? Araşdırsın, görək əgər Günəş qızdırmırsa, hava necə isinir? Hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır. 1990-cı ildə SSRİ dağılanda bu məkanda elm sıfıra bərabər oldu. Heç kəs elmə fikir vermək istəmir, bu sahəyə də pul buraxmır. Qiyabi deyirlər ki, qar yağmayacaq. Sən Allahsan ki, onun yerinə proqnozlar verirsən? Sabah məsələ qaldıraram ki, alimlik dərəcəsi almış şəxslər yenidən imtahandan keçsin. Əgər kimsə alim adına layiq deyilsə, onun dərəcəsi əlindən alınsın.

“Onlar alimlik dərəcəsini, mənliyini satıblar”

Bəzi beynəlxalq resurslar mərkəzinin araşdırmalarında qeyd edilir ki, Azərbaycan 2030-cu ildə su qıtlığı ilə üzləşəcək. Bunu Allahdan savayı heç kim deyə bilməz. Əgər Azərbaycanda 8 364 çay varsa, yeraltı sular bundan dəfələrlə çoxdur. Yer kürəsində çaylar şirin suyun 0.001 faizini təşkil edir. Bəzi fırıldaqçı alimlərin sözlərinə görə gərək mən bütün ədəbiyyatları, coğrafiyanı, hidrologiyanı, fizikanı, riyaziyyatı hamısını yenidən işləyim. Onlar alimlik dərəcəsini, mənliyini satıblar. Nə var, nə var ki, beynəlxalq təşkilatlardan 1-2 manat pul qazanırlar. Heç olmasa, mənliyini dollara satma da, sənin övladın burada yaşayır axı... Onların taleyi haqqında fikirləş”.

Ekoloq iqlim dəyişikliyi ilə əlaqədar Polşada çıxış etdiyini də vurğulayıb: “Seminardan sonra iştirak edən rektorlar, eləcə də tələbə heyəti yığışıb təklif etdilər ki, mən orada qalıb onlara dərs deyim. Çünki çıxışlarım reallığı əks etdirir. Bizimkilər öyrəniblər kim pul verir, elmi də sifariş verir. Adətən, toylarda da belədir. Pulu verib musiqi sifarişinə oynayırlar. Allahın Yer kürəsində qoyduğu qayda-qanuna heç kəs müdaxilə edə bilməz. Bəzən metroloji silahlardan istifadə edib gərginlik yaradırlar”.

“Gələcəkdə balonlarda təmiz hava satacaqlar”...

Bəzi mənbələrdə belə yazılıb ki, buzlaşma dövründə tarixən mövcud olmuş bir sıra canlıların nəsli kəsilib. Yeni dövrün başlaması ilə yanaşı yeni canlılar da yaranıb. Sizcə, indi başlanmış buzlaşma dövrü ilə əlaqədar hansısa canlıların və heyvanların nəslinin kəsilməsi təhlükəsi varmı?

Coğrafiyaşünas və texnika elmləri doktoru olduğunu diqqətə çatdıran Telman Zeynalov qeyd edib ki, bəzi mikroorqanizmlilər soyuq havaya dözmürlər, məhv olurlar: “Onların əvəzinə yeniləri gəlir. Əgər insanlar 2 milyon il bundan öncə 10-12 metr hündür idilərsə, indi insanlar cırtdana dönürlər. Bundan sonra da insanların boyu alçalaq. Onların hündürlüyü 1.40, 1.50 santimetr olacaq. İqlim dəyişilir. Yeni texnologiyaları həddən artıq tətbiq edərək təbiətə müdaxilə etmişik.

Hazırda dünyada çirkin siyasi, iqtisadi oyun gedir. Dövlət başçıları da bu oyunlarda iştirak etməlidirlər. 

Əks təqdirdə, o dəqiqə həmin dövlətlərdə çevriliş edərlər. Lazım olan şəxsi vəzifədə qoyurlar. Bunu reallıqla aşkar etmək lazımdır. Heç kəs Allah deyil ki, onun qoyduğu qayda-qanuna müdaxilə eləsin. Nə qədər buxarlanma olursa, o qədər də yağış yağır. Deməli, su və karbon dövriyyəsi eyni qaydada gedir. Ümumdünya Səhiyyə Nazirliyinin açıqlamasına görə yeni doğulan körpənin bədənində 7.12 faiz karbon qazı, 2.4 faiz oksigen qazı olur. Məlumdur ki, karbon qazı olmasa, oksigen bədəndə hərəkət etməz. Ümumiyyətlə, dünyada bir oyun gedir. Gələcəkdə balonlarda təmiz hava satacaqlar. Biz də maskalarda gəzəcəyik. Reallıq budur. İndi kommersiya və fırıldaqçılıq dövrüdür”.

Xəbər lenti