2017-ci ildə Ukraynadan Azərbaycana ət ixracı 2,7 dəfə artaraq 37,8 milyon dollar təşkil edib.
Bunu "Aqrar İqtisadiyyat İnstitutu" Milli Elmi Mərkəzinin direktoru, Ukrayna Milli Aqrar Elmlər Akademiyasının müxbir üzvü Nikolay Puqaçev deyib.
O qeyd edib ki, hesabat dövründə Azərbaycan Ukraynadan ət məhsullarının idxalı üzrə beşliyə daxil olub.
İlk yerdə Niderland (80,5 milyon dollar), ikinci - Misir (69,4 milyon dollar), üçüncü - İraq (51,2 milyon dollar), dördüncü sırada isə Belarus (49,6 milyon dollar) qərarlaşıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycanla Ukrayna arasında əmtəə dövriyyəsi ötən il 810 milyon dollar təşkil edib. Bunun yarıdan çoxu Ukrayna məhsullarının Azərbaycana idxalının payına düşür - 460 milyon dollar.
Niyə ət idxalına bu qədər tələbat yaranıb? Ət ixracı artıb, amma bazarlarda, şəhərdəki ət satışı nöqtələrində "Beyləqan quzusu", "Bərdə əti", "təzə kəsilmiş dana əti" sözləri yazılır. Ət idxalı bu qədər artıbsa, əhaliyə "Beyləqan əti" adı altında satılan Ukrayna əti olmasın?
Mynews.az sherg.az-a istinadən bildirir ki, məsələ ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli qeyd etdi ki, ət idxalına tələbatın yaranmasının bir neçə səbəbi var:
- Doğrudur, son zamanlar ət idxalına tələbat artıb. Bunun səbəblərindən biri son bir neçə ildə texniki bitkilərin əkilməsinin genişlənməsidir. Texniki bitkilərə üstünlük verildiyindən ənənəvi maldarlıq rayonlarında yem qıtlığı yaşanır. Mal-qaranın yem tələbatını ödəyəcək olan yonca sahələri xeyli azalıb. Bu da mal-qaranın azalmasına, nəticədə isə ətin qiymətində ciddi bahalaşmaya səbəb olub. Azərbaycan təkcə Ukraynadan deyil, Gürcüstandan də ət idxal edir. İdxal ətin əsas payı bu iki ölkənin üzərinə düşür.
Soruşursunuz ki, Ukraynadan, Gürcüstandan ət gətirilirsə, bazarda gördüyümüz ətlər nədir? Gürcüstan və Ukraynadan alınan ətlər bizim bazarda gördüyümüz ətlər deyil. Bazarlarda yerli heyvanların əti satılır. İdxal olunan ət əsasən yarımfabrikatların, kolbasa, sosiska, digər ət və ət konservi məmulatlarının istehsalı üçün nəzərdə tutulandır. İdxal ətlərdən əsasən restoranlarda və otellərdə, bəzi hallarda ordunun ehtiyacları üçün istifadə olunur. İdxal ətin alınması ucuz başa gəldiyindən, buna üstünlük verilir. İdxal ətin əsas sifarişçisi ət məmulatları istehsalçısı şirkətlər, iaşə obyektləri, mehmanxanalardır. Hazırda otellərin menyüsunda "steak" geniş yayılıb. Şəhərdə bir neçə yerdə xüsusi "steak-house"lar açılıb.
Belə əyləncə məkanlarına məhz "steak" yemək üçün gedirlər. Belə restoranlarda əsas təklif edilən və sifariş edilən də "steak"lərdir. "steak"lər dana ətindən, həm də heyvanın can ətindən hazırlanır, bir növ "langet", "bifşteks"ə oxşar yemək növüdür. Amma bu yeməyin hazırlanması üçün daha çox ət kütləsi götürülür. Can əti də ən bahalı hissədir. Otelçilərə, restoran işlədənlərə yerli məhsulu baha qiymətə alıb ondan "steak" hazırlatmaq əlbəttə, sərf etməz. Ona görə də qonşu ölkələrdən ucuz qiymətə ət gətirdib, istifadə edirlər (Bəh-bəhlə "steak" sifariş edənlər bilsin ki, yedikləri yerli ət deyil - red).
İdxal ətin keyfiyyətinə gəlincə, N.Cəfərli sertifikatsız məhsulların ölkəyə gətirilməsinin qadağan edildiyini bildirdi:
- Yəqin ki, idxal ətin sertifikatı yoxlanır. Gömürkdə buna nəzarət edilər hər halda.