Nikahdan öncəki icbari tibbi müayinə üçün xəstəliklərin siyahısı artırıla bilər. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev təklif edib ki, B və C qruplarından olan hepatitlərin də icbari tibbi müayinə paketinə daxil edilməsi üçün Ailə Məcəlləsinə dəyişiklik edilsin. Deputatın sözlərinə görə, müvafiq qurumları da bu işə cəlb etməklə parlamentin digər komitələri ilə birgə bu məsələni müzakirə etmək faydalı olar.
Mynews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, həkim-infeksionist Sakit Hümbətov millət vəkilinin təklifini dəstəklədiyini və buna ehtiyacın olduğunu deyib: "Bəzən hepatit xəstəliyini gizlədirlər və yaxud şəxs dərman qəbul edə-edə ailə qurur. Bu da ailədə dünyaya gələn uşağa təsir edir, problemlər yaradır. Mən belə hallarla tez-tez qarşılaşıram. Şəxs gəlir yanıma ki, "məndə hepatit B infeksiyası var və müalicə almaq istəyirəm". Mən də deyirəm ki, əgər hamiləlik planlaşdırırsansa, bu dərmanları qəbul etmək olmaz. Xəstə bununla razılaşır və dərman yazırıq. Həmin şəxs dərmanları qəbul edə-edə ailə qurur. Sabah uşaq olanda da qüsur yaranır və bunu bilmirlər. Yaxud başqasının dərmanlarını götürüb qəbul edirlər. Ona görə də B və C qruplarından olan hepatitlərin icbari tibbi müayinə paketinə daxil edilməsini dəstəkləyirəm. Şəxs bilməlidir ki, kiminlə ailə həyatı qurur və onun sağlamlıq durumu necədir".
S.Hümbətov qeyd edib ki, cinsi yolla hepatit B xəstəliyinə yoluxma ehtimalı 78, məişət təmas yolu ilə yoluxma ehtimalı isə 17-20 faizdir.
Tibbi ekspert, professor Adil Qeybulla da millət vəkilinin təklifini dəstəkləyib:
"Bu, mütləq lazımdır. Xəstələnən şəxslərin aşkar olunması və onun profilaktikası baxımından əhali üçün bir şansdır. Hesab edirəm ki, hətta hepatit A qrupundan olan hepatitləri də icbari tibbi müayinə paketinə daxil etmək olar. Hazırda hepatit C-nin müalicəsi üçün həb formasında yeni dərmanlar tapılıb və bir neçə ay ərzində bu sağalır. Bu, bizdə həm də bəzi xəstəliklərin erkən aşkar olunmasına kömək edər".
Professor vurğulayıb ki, hepatit B və C qaraciyərin serrozu və xərçənginə səbəb olan viruslardır: "Bunlar gec-tez qaraciyəri sıradan çıxarır. Burada ya serroz, ya da xərçəng inkişaf edir. Ona görə də bunların vaxtında aşkar olunması, müalicəsi çox vacibdir. Düzdür, hələlik hepatit B-nin tam müalicəsindən söhbət getmir, amma ən azı bunun səviyyəsini endirmək, aşağı saxlamaq, qaraciyərin zədələnməsinin qarşısını almaq üçün müəyyən tədbirlər görülə bilər. Amma hepatit C-nin müalicəsi ilə bağlı çox böyük inkişaf var".
Qeyd edək ki, hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri məcburi qaydada talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.