Adil Qeybulla: “Ölkədə doğrudan da dərman qıtlığı yaşanır”
Aydın Əliyev: “İnsanların dərmansızlıqdan əziyyət çəkmələri hakimiyyəti ciddi düşündürməlidir”
Dövlət tərəfindən bəzi xəstələrə pulsuz verilən dərmanlar kəsilib. Belə ki, təsdiq olunmuş dövlət proqramı çərçivəsində bəzi xəstəliklər var ki, onların müalicəsində xəstələr pulsuz dərmanlarla təmin olunmalıdırlar. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən səhiyyə üzrə təsdiq olunmuş 11 dövlət proqramı çərçivəsində bütün tibb xidməti və dərman təchizatı əhaliyə dövlət hesabına təqdim edilməlidir.
Dövlət proqramında nəzərdə tutulduğu kimi dərman preparatlarının pulsuz verilməsi olan xəstəliklər bunlardır: Onkoloji xəstələrin şiş əleyhinə, Hemofiliya və talassemiya irsi qan xəstəlikləri, Şəkərli diabet, Yoluxucu xəstəliklər, Qanın, qan komponentlərinin donorluğu və Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı" çərçivəsində xəstələr pulsuz dərmanla təmin olunmalıdır. Həmçinin, 180-ə yaxın dərman vasitəsi ölkədə fəaliyyət göstərən imtiyazlı apteklərdən I, II qrup əlillər, Qarabağ və Böyük Vətən Müharibəsi əlilləri və digər vətəndaşlara pulsuz təqdim edilməlidir.
Son günlər bu sahədə də müəyyən çətinliklər yaranıb. Sözügedən xəstəliklərlə bağlı əziyyət çəkən xəstələr dərman qıtlığı səbəbindən çarəsiz durumda qalıblar. Dərman təminatı vaxtında xəstələrə yetişmədiyindən bəzilərinin hətta vəziyyəti də kritikləşib. Bu günlərdə bölgələrdən birində böyrək çatışmazlığından əziyyət çəkən vətəndaş dərman qıtlığı ilə üz-üzə qalıb. Xəstəxanadan ona bildirilib ki, ölkədə dərman qıtlığıdır. Sonra bununla bağlı Səhiyyə Nazirliyinə üz tutub. Oradan da əliboş qayıdan xəstəyə deyilib ki, dərman qıtlığı ilə bağlı heç bir problem yoxdur. Hətta bildirilib ki, vaxtı-vaxtında tibb müəssisələri dərmanla təmin edilir. Olsun ki, problem xəstəxanaların özündədir. Bu durumda çıxılmaz vəziyyətdə qalan vətəndaş hara və kimə üz tutacağı qarşısında aciz qalıb. Rəsmi qurumlar isə bu məsələdə hərəkətə gəlmir.
Tibb elmləri namizədi, professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əslində Səhiyyə Nazirliyi tərəfindən bununla bağlı rəsmi bəyanat verilməyib: “O fakt ola bilsin ki, qeyri-rəsmi halda baş verib. Güman ki, təchizat yetərincə deyil. Məcbur olub xəstənin sağalması üçün himayədarlarına, valideynlərinə, qohumlarına müəyyən dərman preparatları aldırılsın. Əslində bu reallıqdır. Ölkədə doğrudan da dərman qıtlığı yaşanır. Bəzi dərmanların yoxa çıxması faktları var. Amma Səhiyyə Nazirliyi rəsmən belə bir bəyanat verməyib ki, ölkədə dərman qıtlığı var və artıq pullu xidmətə keçilir. Sadəcə, perspektiv icbari tibbi sığortanın yaxın vaxtlarda icrasıdır”.
Adil Qeybulla deyib ki, həqiqətən də adlarıçəkilən xəstəliklərlə bağlı dərman təminatı xəstəxanalar tərəfindən verilmirsə, məsuliyyət birbaşa o müəssisələrin üzərinə düşür.
Farmokoloq Aydın Əliyev bildirib ki, ölkə başçısı bu günlərdə bir sərəncam da imzaladı ki, fevralın 15-dən mayın 15-nə qədər yoxlamalar, analizlər, hamısı pulsuz keçirilsin: “Təəssüflər olsun ki, dərman qıtlığı ölkədə mövcudur. Dərmanlar xaricdən dollarla alınr. Bununla yanaşı xəstəxanaların da gücü çatmır ki, xəstələri dərmanla təmin etsin. Azərbaycanda sağlamlıq nəzəriyyəsinə yox, təbliğinə çox ciddi ehtiyac var. Yəni, tibb sahəsində hər hansı problem olduqda həkimi qınayırlar. O xəstənin diaqnozunu qoymağa cavabdehdir və o diaqnoza görə reseptin təyin edilməsidir. Səhiyyə dərmanların gətirilməsinə, keyfiyyətinə birbaşa cavabdeh deyil. Bu birbaşa dövlətin nəzarətində olan məsələdir”.
Ekspertin fikrincə, indiki məqamda icbari tibbi sığorta olduqca vacib şərtdir: “O sistem tətbiq olunsa bu məsələlər tam həllini tapar. Bu günlərdə məlumat öyrəndim ki, artıq zavodlarla Azərbaycanda dərman istehsalına başlanması üçün razılaşmalar əldə olunub. Bu təqdirəlayiq addımdır. Amma dərman istehsalına qədər müəyyən problemlər yoluna qoyulmalıdır. İnsanların dərmansızlıqdan əziyyət çəkmələri hakimiyyəti ciddi düşündürməlidir. Dövlət insanlar üçündür, insanlar dövlət üçün deyil ki... ”
Cebhe.info