NATO-nun Türkiyənin Suriyanın Afrin bölgəsində terrorçulara qarşı yanvar ayının 20-dən başlatdığı “Zeytun budağı” əməliyyatı ilə bağlı narahatlığına, etirazına, xəbərdarlığına heç bir əsas və ehtiyac yoxdur.
Mynews.az bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) komitə sədri, professor Eldar İbrahimov NATO baş katibinin müavininin Türkiyənin “Zeytun budağı” əməliyyatının vaxtının və miqyasının azaldılması ilə bağlı xəbərdarlıq yönündə açıqlamasına münasibətini bildirərkən deyib.
E. İbrahimovun sözlərinə görə, Türkiyə illərdir, ötən əsrin 80-ci illərindən, terrorçu PKK-nın yaranmasından bu yana terrordan və terrorçulardan əziyyət çəkir.
O qeyd edib ki, 30 ildən artıq davam edən PKK terroru nəticəsində 30 mindən çox insan həlak olub, minlərlə Türkiyə vətəndaşı yaralanıb, əlil düşüb.
Komitə sədri bildirib ki, beynəlxalq güclər, özlərini dünyanın aparıcı dövlətləri və aparıcı beynəlxalq qurumları sayanlar Türkiyəyə qarşı ikili standartlar mövqeyindən münasibət sərgiləyir, terrora və terrorçulara göz yumur, bir çox hallarda isə onları açıq və gizli şəkildə müdafiə edir, hərtərəfli dəstək verirlər.
E. İbrahimov hesab edir ki, Türkiyənin terrora və terrorçulara qarşı barışmaz münasibəti, onlarla mübarizə tədbirləri, antiterror əməliyyatları başadüşülən və qaçılmazdır, bu, Türkiyənin öz təhlikəsizliyini təmin etmək haqqıdır:
“Heç kim Türkiyəni bu məsələdə qınaya, təhdid edə bilməz. Bu, Türkiyənin öz məsələsidir. Əksinə, bu məsələdə Türkiyəyə dəstək verilməlidir, onu müdafiə etmək lazımdır, nəinki ona qarşı çıxmaq, onu yolundan döndərməyə cəhd etmək”.
Afrində aparılan əməliyyata gəlincə, komitə sədri Türkiyənin son illər ərzində Yaxın Şərqdə maraqları olan və həmin bölgəni qarışdırmaqla məşğul olan dövlətləri, dairələri dəfələrlə xəbərdar etdiyini, PKK-nın, onun Suriya qolu olan terrorçu YPG və PYD-nin, o cümlədən, İŞİD-in Türkiyəyə qarşı terrorçuluq fəaliyyətinə dözməyəcəyini, ölkənin cənub sərhədlərində oyuncaq terrorçu dövlətin yaradılmasına yol verməyəcəyini açıq şəkildə bəyan etdiyini xatırladıb.
“Türkiyə ABŞ başda olmaqla, Qərb ölkələrini, NATO-nu, Yaxın Şərqdə maraqları olan və onu öz təsiri altında saxlamaq istəyən digər siyasi-hərbi gücləri, dövlətləri dəfələrlə xəbərdar, onları dəfələrlə PKK-ya, YPG-yə, PYD-yə İŞİD-ə açıq və gizli şəkildə dəstək verməkdən çəkinməyə, Türkiyəylə bağlı məkrli planlardan əl çəkməyə çağırışlar etmişdi.
Türkiyəyə qarşı terrorçuluq fəaliyyətlərinin davam etməsinə, terrorçuluğun dəstəklənməsinə, ölkənin bölünməsinə, cənub sərhədlərində oyuncaq dövlətin, rejimin qurulmasına dözülməyəcəyi, terrora və terrorçulara qarşı amansız və sərt tədbirlərə əl atılacağı bəyan olunmuşdu.
Qardaş dövlət dözmədi. Çünki terrorçulara və terrora qarşı həmin qüvvələr, dövlətlər, güclər tərəfindən heç bir addım atılmırdı, sadəcə, söz, vədlər verilirdi, heç bir əməli addıma gedilmirdi.
Əksinə, Türkiyəyə qarşı terrorçuluq fəaliyyəti dəstəklənir, çeşidli məkrli planlar cızılırdı. Odur ki, Türkiyə dövləti yanvar ayının 20-dən etibarən Suriyanın Afrin bölgəsində terrorçulara qarşı “Zeytun budağı” əməliyyatına start verdi və çox sevindirivi haldır ki, qardaş ölkə addım-addım öz məqsədlərinə doğru irəliləyir, terrorçulara aman vermir, qan qusdurur, işğal altında olan əraziləri bir-bir azad edərək, terrorçulardan təmizləyərək, öz qanuni sahiblərinə qaytarır, eyni zamanda, terror, terrorçuluq təhlükəsini ölkə sərhədlərindən uzaqlaşdırır.
Türkiyənin bu inamlı addımı, mübarizəsi, terrora qarşı təkbaşına mücadiləsi, təbii ki, bir sıra gücləri, dövlətləri və qurumları da qıcıqlandırmaya bilməz.
Onlar Türkiyəylə bağlı öz məkrli planlarının iflasa uğradığını görərək, əllərindəki bütün imkan və təsir vasitələrindən istifadə edərək, Türkiyəni öz haqlı mübarizəsindən geri çəkilməyə, yolundan döndərməyə yönəlik hər cür cəhdə baş vururlar.
Bugünlərdə NATO rəhbərliyi, qurumun baş katibinin müavini Türkiyəni Afrin əməliyyatı ilə bağlı vaxtı və miqyası azaltmağa, daraltmağa çağırış, təhdidvari xəbərdarlıq edib.
Sual oluna bilər ki, bəs NATO-nun Əfqanıstanda apardığı qanlı əməliyyatları niyə göz önünə gətirmir, orada məhdudlaşdırmalar, müddət və miqyas daraltmaları, azaltmaları etmirlər? Niyə öz gözlərində tiri görməyib, Türkiyənin gözündə tük axtarmağa çalışırlar?
Axı, NATO-nun illərdir Əfqanılstanda apardığı əməliyyatlar nəticəsində yüzlərlə dinc insan qətlə yetirilib, evlər, xəstəxanlar, kəndlər viranə edilib, niyə bunlardan da narahatlıq keçirmirlər?
Çünki bu, onlara sərf etmir. Ona görə də Afrinlə, eləcə də, digər məsələlərlə bağlı Türkiyəyə dərs keçmək cəhdləri yolverilməz və qəbuledilməzdir. Terrordan, terrorçulardan əziyyət çəkən bir ölkə olaraq da bu məsələdə qardaş Türkiyənin yanındayıq və onun bütün addımlarını dəstəkləyirik.
Hesab edirik ki, çox yaxın zamanlarda da qardaş ölkə terrorizmə qarşı inamlı və barışmaz mübarizəısində öz hədəflərinə catacaq, terrora və terrorçulara qarşı birdəfəlik öldürücü zərbəsini vuracaq”, - deyə E. İbrahimov əlavə edib.