Bu gün "Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri"nə start verilir.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, turnir Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Uklrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandalarının iştirakı ilə Bakıda martın 11-dək davam edəcək.
Turnirin açılışı ilə bağlı keçirilən tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycan tarixində 100 il bundan öncə çox önəmli hadisə baş verdi və Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. O qeyd edib ki, Azərbaycan parlamentinin bu prosesdə mühüm rolu oldu.
Komitə sədri bildirib ki, Azərbaycan idman ölkəsinə çevrilib: "Azərbaycanda Birinci Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları və müxtəlif yerli və beynəlxalq idman yarışları keçirilib. Həm ölkəmizin idman siyasətinə, həm parlamentin 100 illiyinə töhfə vermək, həmkarlarımızı ölkədə gedən proseslərlə, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların vəziyyəti ilə tanış etmək məqsədlilə bu yarışı keçirməyi qərara aldıq. Sizin bu səfəriniz ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrini gücləndirəcək. Bizim parlamentimiz qısa tarixdə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib, lakin bu idmanı və siyasəti özündə birləşdirən tədbir birinci dəfədir ki, keçirilir".
Qeyd edək ki, oyunun əsas məqsədi parlament diplomatiyasına töhfə vermək, Azərbaycanın idman siyasətini tətbiq etməklə ölkənin mövqeyini beynəlxalq arenada möhkəmləndirmək, tanıtmaqdır. Bununla əlaqədar Milli Məclisdə parlamentin Gənclər və idman komitəsi ilə Türkiyə və Latviya parlametnlərinin müvafiq komitələri arasında Anlaşma Memorandumu imzalanıb. Bu gün baş tutacaq ilk oyunla turnirə strart veriləcək.
Turnir Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.