Mətbuat Şurası (MŞ) yarandığı 15 il ərzində hakimiyyət, media və cəmiyyət münasibətlərinin tənzimlənməsinə xidmət edib.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Şuranın VII qurultayında hesabat məruzəsi ilə çıxışı zamanı deyib.
Ə.Amaşov bildirib ki, medianın maddi-texniki bazası, jurnalistlərin mənzillə təminatı ilə bağlı bir çox addımlar atılıb: "Mətbuat Şurasının VI qurultayından sonrakı illər mediaya dövlət dəstəyi baxımından uğurlu illər olub. Buna görə də dövlət başçımız İlham Əliyevə təşəkkür edirik".
O qeyd edib ki, VI qurultaydan bu vaxta qədər Şuraya 3145 şikayət daxil olub. 2213 şikayət həllini tapıb, 932-sində razılığa gəlinmədiyindən Şuranın müxtəlif komissiyalarına göndərilib. Şikayətlərdən 159-u reketçiliklə mübarizə komissiyasında araşdırılıb. Reket jurnalistika ilə bağlı araşdırmanın 104-ü ilə bağlı yekun rəy qəbul edilib. Ümumilikdə 231 qərar çıxarılıb, 68 cavabdehə xəbərdarlıq edilib, 134 halda media nümayəndəlilərinə etinasızlıqla bağlı xəbərdarıq edilib".
Şuranın fəaliyyəti ilə bağlı səsləndirilən neqativ fikirlərə toxunan Ə.Amaşov qeyd edib ki, dünyada mətbuat şuralarının yerini müəyyən edən iki şərt mövcuddur: "Onlardan biri də mətbuatın problemlərini həll etməkdir. Şuraya 15 il ərzində 12 mindən çox şikayətin daxil olması Mətbuat Şurasının əhəmiyyətindən xəbər verir. Biz bu şikayətlərin olmamasını istərdik. Cəmiyyətlə bərabər dövlət də Mətbuat Şurasına etibar edir. Bəziləri isə bu funksiyalarımıza görə bizi ittiham edir. Onların fikrində Mətbuat Şurasının fəaliyyəti necədir onu anlamırıq".
M, sədri vurğulayıb ki, mövcud problemlərin həlli üçün addımlar atılıb, mediaya yüksək səviyyədə maddi dəstək göstərilir: "Lakin müasir dövr mediası reklamdan və satışdan daha çox qazanmalıdır. Qəzet kağızının əlavə dəyər vergisinin götürülməsi bizim üçün vacib məsələdir. Çap mediası gələcəkdə daha etibarlı arxiv rolunu oynamalıdır. Bu mənada çap medianın satışına geniş imkanlar yaratmalıyıq, qəzet köşkləri ilə yanaşı metro stansiyalarında da bu imkanlar yaradılmalıdır".
Ə.Amaşov bildirib ki, onlayn mediada reklam bazarının istənilən səviyyədə olmamasından onlara dövlət dəstəyi mütləqdir: "Ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də dəstək olmalıdır".
Şura sədri, həmçinin qeyd edib ki, həbsdə olan jurnalistlərin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi üçün ölkə başçısına müraciət ünvanlanmalıdır: "Bu, humanist addım olar".