Azərbaycanda murdar və leş ətlərdən istifadə olunaraq kolbasa, sosis məmulatlarının hazırlanması haqqında dəfələrlə yazılıb
Ancaq bu günlərdə daha bir iyrənc fotonun üzə çıxması artıq kolbasa şirkətlərinə qətiyyən inanmamağa çağırır.
Mynews.az xəbər verir ki FİA.Az-ın verdiyi məlumata görə, söhbət “Səhliyalı” şirkətinin “Halal nemət, 1000 bərəkət” markalı məhsulundan siçan nəcisi çıxmasından gedir.
Bu haqda ilk olaraq cebhe.info şəkillər yayıb. Kəmalə Qasımova ad-soyadlı istehlakçı “Halal nemət, 1000 bərəkət”in “Manqalüstü” sosisinin içindən siçan nəcisi tapıb.
“20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən “Araz” marketdən sosisi aldım, evə gəlib, yemək hazırlayanda, xoşagəlməz mənzərə ilə üzləşdim”, – deyə şikayətçi bildirib.
K.Qasımova sosisin şəkillərini çəkərək, redaksiyaya təqdim edib. Fotolara baxan zaman efirdə gecə-gündüz reklamı gedən bu məhsulun keyfiyyəti və mənşəyi ilə bağlı ciddi şübhə yaranır.
İnternetdə bu müəssisə ilə bağlı kiçik bir araşdırma aparan zaman “Səhliyalı” şirkətinin leş ətlərdən geninə-boluna istifadə etdiyi iddiası ilə rastlaşmaq olar.
Hətta, şirkətin qoca, südsüz heyvanların ətindən istifadə etdiyi bildirilir. Bir ara “Halal nemət, 1000 bərəkət” markalı məhsulun içindən qurd çıxması xəbəri da vardı.
“Səhliyalı” şirkətinə aid “1000 bərəkət, halal nemət” markasının kiflənmiş kolbasası da aşkarlanmışdı.
Hətta rəsmi “Yeni Azərbaycan” qəzeti də bu şirkətdən yazmışdı. Qəzetin yazdığına görə, «Halal Nemət, Min Bərəkət» ticarət nişanı ilə kolbasalar istehsal edən «Səhliyalı» müəssisəsi saxta məhsullar buraxır.
Belə ki, məhsulların üzərində «Qafqaz Müsəlmanları İdarəsi təminat verir» ifadəsi QMİ-nin açıqlaması ilə ziddiyyət təşkil edir.
Çünki QMİ-nin hallallıq zəmanəti verdiyi şirkət məhsullarının sırasında «Səhliyalı»nın adı yoxdur.
Qəzetin yazdıqlarına görə, kolbasa üçün məhsullar hansısa ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmişə farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın.
Qeyd edək ki, bir müddət öncə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında kolbasa məhsullarının keyfiyyəti ilə bağlı apardığı monitorinqlər zamanı Xırdalan şəhərində yerləşən “Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan məhsulların etiket göstəricilərinə uyğun olmadığı aşkar edilib.
Saytın mediaya istinadla verdiyi məlumata görə, kolbasa və sosiska məhsulları mövcud reseptə uyğun hazırlanmır.
Məhsulların markalanması da tələblərə cavab vermir. Həm də məhsullara yararlılıq müddəti bitmiş duz və sair materiallar qatırlar.
İstehlakçılar sözügedən müəssisənin istehsal etdiyi kolbasa və digər ət məhsullarının keyfiyyətindən razı qalmadıqlarını bildirirlər.
İstehlakçıların əksəriyyəti bildirir ki, aldıqları kimi də zibil qutusuna atmaqları bir olur. Kolbasadan xoşagəlməz dad hiss edən alıcılar dəfələrlə aldıqları kolbasadan imtina ediblər.
«Səhliyalı» firmasının «halal nemət min bərəkət» markalı bəzi kolbasalarının tərkibinə donuz əti və piyi qatıldığı iddia olunur:
Məsələn, «Bibərli bişmiş əla növ» kolbasalarının tərkibində damarlardan təmizlənmiş bir növlü mal əti, toyuq əti, mal piyi, qırmızı bibər, xörək duzu, natrium nitrit, nişasta, qarışıq ədviyyatların olduğu qeyd olunsa da, əslində bu məhsulların tərkibinə donuz əti və donuz piyi qatılır.
Və həmin məhsullar «halal» adı ilə istehlakçılara satılır. Görünür, şirkət rəhbərliyi həyata keçirilən yoxlamalardan heç bir nəticə çıxarmayıb.bu kolbasalara vurulan ət yerli məhsul deyil.
Həmin məhsulların istehsalında xaricdən gətirilən camış əti, donuz piyi və ətindən istifadə olunması danılmazdır.
«Səhliyalı»nın «halal nemət min bərəkət» markası ilə halal adı altında satışa çıxardığı kolbasaların tərkibinin yarısını soya komponenti təşkil edir.
Həmin məhsulun 90%-i genetik modifikasiya olunub. Hər nə gəldi necə gəldi kolbasalara qatılır.
Beləcə, hər gün insanlara qoca ətdən hazırlanmış, leş ətlərdən istehsal olunmu kolbasalar sırınır. Hətta bəzi iddialara görə, kardon da istifadə edilir.
Kolbasaların qiymətinin ətdən ucuz olmasına diqqət çəkən bəzi ekspertlər belə məhsulların istehsalında kenquru, zebu, at, eşşək və digər təkdırnaqlı, hətta caynaqlı, leş ətlərdən istifadə olunaraq hazırlanması haqda fikirlər irəli sürür.
Müvafiq qurumlar nəhayət ki, hərəkətə keçib kolbasa və kolbasa məmulatlarının istehsalında heç olmasa qoca inəklərin ətindən istifadə olunmasının qarşısını almağa nail olmalıdırlar.
Bütün bu faktlar, ittihamlar, mətbuatda yer alan məlumatlarla əlaqədar olaraq şirkət rəsmilərinin mövqeyini dinləyib, aydın şəkildə yazmağa hazırıq.