Dayanacaqlarda siqaret çəkilməsi qadağan edildi? FOTOFAKT

703
Dayanacaqlarda siqaret çəkilməsi qadağan edildi? FOTOFAKT
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna əsasən, avtobus dayanacaqlarında da siqaret çəkilməsi qadağandır. 

Mynews.az xəbər verir ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan dayanacaq pavilyonlarına bununla bağlı xəbərdarlıq elanları vurulub.

Qeyd edək ki, siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) verilib.

Xatırladaq ki, Milli Məclis tərəfindən qəbul edilmiş "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu 2017-ci il dekabrın 1-dən qüvvəyə minib. Qanuna əsasən səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək.

Bu qadağa təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da keçərlidir.

Lakin qanunun artıq 3 aydan çoxdur qəbul olunmasına baxmayaraq, onu tətbiqi ilə bağlı gecikmə var. Sözügedən qanunun tam qüvvəsi ilə tətbiqi məsələsinə Milli Məclisin builki yaz sessiyası ərzində İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildikdən sonra tam aydınlıq gələcəyi gözlənilir. //Milli.Az Dayanacaqlarda siqaret çəkilməsi qadağan edildi? - FOTOFAKT  

Xəbər lenti