Dövlət qurumları işçi axtarır

765
Dövlət qurumları işçi axtarır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 14-dən yeddi dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 24 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.

DİM-dən Mynews.az-a verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələrdən beşi A növü - inzibati rəhbər vəzifələr üzrə (Əmlak Məsələləri Dövlət Komitəsi – üç vəzifə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – bir vəzifə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – bir vəzifə), 19-u isə B növü – inzibati icraçı vəzifələr üzrə olmaqla (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – bir vəzifə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi – üç vəzifə, Əmlak Məsələləri Dövlət Komitəsi – altı vəzifə, Mədəniyyət və Turizm Nazirliyi – bir vəzifə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi – altı vəzifə və Kəlbəcər Rayon Məhkəməsi – iki vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin müdir müavini, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin müdir müavini, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktor müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Kommunal xidmətlər və kompüter uçotu şöbəsinin Kompüter uçotu və elektron xidmətlər sektorunun müdiri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifələridir.

“Dövlət qulluğu haqqında” qanunun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı beş il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları sənədlərini 2018-ci il 14 mart tarixindən - 16 aprel saat 18:00-dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.

Xəbər lenti