"Bəzi namizədlər sui-istifadə edir"

612
"Bəzi namizədlər sui-istifadə edir"

Dövlət İmtahan Mərkəzinin (DİM) 11 və 26 yanvarda 77 dövlət orqanında mövcud olan 1315 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibə mərhələsi başa çatıb.

DİM-in mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, müsahibələr Bakı şəhəri, Mərkəzin Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional "ASAN" xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilib.

Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə keçirilmiş bütün müsahibələrin video çəkilişi aparılıb.

Qeyd olunub ki, 11 və 26 yanvarda elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərlə 902 müsahibə keçirilib. 321 müsahibə üzrə namizədlər iddia etdikləri vəzifələrə uyğun hesab edilib, 575 müsahibədə isə namizədlər vəzifəyə uyğun hesab edilməyib. 6 müsahibənin nəticəsi etibarsız hesab edilib. 485 müsahibə üzrə qeydiyyatdan keçmiş namizədlər müsahibələrdə iştirak etməkdən imtina edib, 412 müsahibə isə namizədlərin müsahibəyə gəlməməsi səbəbindən baş tutmayıb.

Namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmayıb, nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 10, 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçib. Ümumilikdə isə orta hesabla 1 nəfər 3 müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçib.

Xəbər lenti