"Dövlət Statistika Komitəsindən daxil olmuş statistik məlumatlara əsasən 2016-cı ildə 14-17 yaşadək uşaqlar arasında 395 cinayət faktı qeydə alınıb. Törədilmiş cinayətlərə görə 14-17 yaşadək uşaqlar arasında 261 şəxs azadlıqdan məhrum edilib. 14-17 yaşadək uşaqlar arasında 171 məhkum oxumayanlar və işləməyənlər tərəfindən törədilib".
Bu barədə Sonxeber.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat Şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə məlumat verib.
Məlumatda bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir qrup sahibkar qadınlarla birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" Sosial Müəssisəsində qalan gənclərin peşə seçimində problemlər, məşğulluq, gənclərin idmanda, sosial həyatda inkişafı, piş vərdişlərdən uzaq olması və digər mövzular üzrə ətraflı müzakirələr keçirib.
Rahil Süleymanzadənin sözlərinə görə, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər verilib. Sahibkar qadınların dəstəyi ilə gənclərə təmənnasız peşə kurslarından faydalanaraq əmək fəaliyyəti ilə məşğul olmaları üçün imkanlar yaradılıb. Uşaqların təhsildən yayınması, onların əməyə cəlb olunması və küçə həyat tərzi keçirmələri aktual məsələlərdən biridir. Bu məsələnin qarşısının alınması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında "Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı"nın layihəsi imzalanıb. Küçə və baxımsız uşaqlar üçün sığınacaqların və reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulub.
"Regionlarda uşaq əməyinin vəziyyətinə dair aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, nəzarət tədbirlərinin gücləndirilməsi əməyi istismar olunan uşaqların sayının azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Baxımsız uşaqların cəmiyyətə inteqrasiya olunması ilə bağlı mərkəzi və yerli səviyyədə icra mexanizmlərinin, müxtəlif sosial xidmətlərin mövcud olduğunu nəzərə alaraq, problemin həlli istiqamətində tədbirlərin gücləndirilməsi vacibdir. Məhz bu səbəbdən bu sahədə də Komitə tərəfindən mütəmadi olaraq marifləndirmə tədbirləri həyata keçirilir". -deyə Komitə rəsmisi vurğulayıb.