Ankarada Türkiyə Vəkillər Kollegiyaları Birliyinin təşkilatçılığı ilə Türkdilli və Qohum Ölkələrin Vəkillik Qurumlarının Birliyinə (TÜRK-AV) üzv ölkələrin ümumi yığıncağı keçirilib.
Mynews.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından bildiriblər ki, Türkiyə, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Qırğızıstan və Albaniyanın Vəkillər kollegiyaları tərəfindən 2016-cı ildə təsis olunmuş bu təşkilatın əsas məqsədi region ölkələrinin vəkillik qurumları və vəkilləri arasında peşəkar əməkdaşlıq platformasının təşkil edilməsi ilə təcrübə mübadiləsinin təmin olunmasıdır.
Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərliyi ilə Rəyasət Heyətinin üzvləri Pərviz Ələkbərov, Muxtar Mustafayev və Aparatın rəhbəri Fərhad Nəcəfovdan ibarət nümayəndə heyəti iştirak edib.
Türkiyə Vəkillər Kollegiyaları Birliyinin rəhbəri Metin Feyzioğlunun sədrliyi ilə keçirilən yığıncaqda bir sıra təşkilati məsələlərə baxılıb, xüsusilə TÜRK-AV-ın nizamnaməsinə bəzi dəyişikliklər edilib. Həmçinin təşkilata istənilən ölkədən vəkillərin fərdi üzvlüyünün mümkünlüyü və gələcəkdə bütün üzv ölkələrin yurisdiksiyasını əhatə edəcək vahid arbitraj məhkəməsinin yaradılması istiqamətində işlərin başlanılması barədə qərar qəbul olunub. Bundan başqa, Rusiya Vəkillər Kollegiyalarının Federal Palatası və Tacikistanın Vəkillər Kollegiyasının təşkilata üzvlüyə qəbul olunmasına müsbət münasibət bildirilib.
Anar Bağırov tədibrdə çıxış edərək Azərbaycan vəkilliyi üçün TÜRK-AV-a üzvlüyün əhəmiyyəti, regional iqtisadi layihələrin həyata keçirilməsi çərçivəsində TÜRK-AV-ın rolu barədə fikirlərini bölüşüb və təşkilatın gələcək fəaliyyətinə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının daim dəstək verməyə hazır olduğunu bildirib.
Sonra təşkilati məsələlərə baxılıb. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov təşkilatın idarə heyətinin üzvü seçilib.
Tədbirdə təşkilata üzv ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadilə aparılıb.
Səfər çərçivəsində Vəkillər Kollegiyasının rəhbərliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edib. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin də məzarı ziyarət edilib, əziz xatirəsi yad olunub.
Ümumi yığıncağın iştirakçıları türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün əziz xatirəsini dərin ehtiramla yad edərək, onun dəfn edildiyi Anıtqəbir memorial-kompleksini ziyarət ediblər.