Əlcəksiz aşpaz, çirkli önlük, tüklü qutab ... “Bahar qalası”ndan REPORTAJ+FOTOLAR

928
Əlcəksiz aşpaz, çirkli önlük, tüklü qutab ... “Bahar qalası”ndan REPORTAJ+FOTOLAR

Paytaxtda Novruz bayramı münasibətilə təşkil olunan şənliklərin son günüdür.

Yenicag.az “Bahar qalası”na baş çəkib, el şənliyində iştirak etdi. Amma gözümüz elə mənzərələrə şahidlik etdi ki, açığı, bir az mütəəssir olduq.

Qoşa Qala qapısından qədim Bakıya daxil oluruq, ətrafı kabab qoxusu və ərəb-fars mahnılarının sədaları bürüyüb. Qala meydanında adam əlindən tərpənmək olmur. Daha çox turistlərin qatıldığı bu şənlikdə hərə öz aləmindədir: yemək yeyən kim, səki kənarında oturub əl çalan kim, qol götürüb oynayan kim…

Şəhər sakinlərinə və turistlərə milli mətbəxin 2-3 xörəyi təqdim edilir: qutab, saciçi və kabab. Azərbaycanın məşhur qida sektorunu təmsil edən pavilyonun qarşısında iri məcməyidə böyük bir qatlama qoyulub. Qatlamanın dadına baxmaq istəyənlərin arzusu ürəyində qalır: o, nə satılır, nə də kəsilir. Növbəti pavilyonda şişlər manqalda cızıldayır.

Lülə kababın iyi müştəriyə uzaqdan gəl-gəl deyir. Qiymət 3 manatdır. Sifarişi verən müştəri bir qədər gözləməli və kababın çəkildiyi çadıra boylanmamalıdır. Çünki içəridəki mənzərə ürəkbulandırır: çirkli əllərini rəngi qaralmış əskiyə silən aşpaz qutu üstündəki lavaşları götürür, sonuncu dəfə nə vaxt silindiyi bəlli olmayan masa üstünə qoyaraq, şişləri yuxanın arasına çəkir…

Bir qədər aralıda isə təbrizli turistlərin qutab aldığını görürük. Yaxınlaşıb salamlaşırıq. Şirin ləhcələri ilə, “xanım, Novruzunuz mübarəkdi”, deyə bayramımı təbrik edirlər. Öyrənirəm ki, Bakıya məhz Novruzu qeyd etmək üçün gəliblər. Milli mətbəximizə heyrandırlar. Amma bu gün aldıqları qutab ürəklərincə olmayıb. Xavər xanımın sözlərinə görə, aldığı qutabın içindən tük çıxıb. Elə bu məqamda diqqətimi əyinlərində ağ xalat olmayan başıaçıq xəmir yayan qadınlar çəkir. Hazır qutabları satan oğlan isə əlcək geyinsə də, xalatsızdır. Və bu cür xidmətin istər kulinariya, istərsə də qastranomiya qaydalarına zidd olduğunu demək mənasızdır.

Digər pavilyonda isə mənzərə daha dəhşətlidir. Burada saciçi yemək satılır. Xörəyin hansı şəraitdə hazırlandığını təsəvvür belə etmək istəmirəm. Çünki gördüklərim iyrəncliyin tam əyani sübutu idi:

əynində çirkli önlüyü olan cins şalvarlı, çəhrayı köynəkli oğlan damağındakı siqareti bir kənara atıb, qulağını qaşıdı. “Ayə, gəl də…”deyərək ona səslənən həmkarına yaxınlaşıb, sacın içindəki kartof-ciyərdən götürərək, yuxaya töküb, bürmələyib, alıcıya verdi. Və ən dəhşətlisi o idi ki, dürməyi böyük həvəslə dişləyənlər arasında 10 yaşlı uşaq da vardı.

Nədənsə, bu məqamda yadıma illər əvvəl Berlində iştirak etdiyim Yeni il yarmarkası düşdü. Bizi müşayiət edən rəfiqəmin sözlərinə görə, bu yarmarkalarda sanitariya qaydalarına yüksək səviyyədə riayət olunur, kiçik bir səliqəsizlik cərimə ilə nəticələnir. Əsl bizim yarmarkalardakı kimi…

Görəsən, antisanitariya və özfəaliyyət şəklində insanlara necə gəldi qida təqdim edənlərə, müştəri qarşısında heç bir məsuliyyəti olmayanlara bu işi necə həvalə etmək olar?! Buna kim cavabdehdir? Görəsən, belə vaxtda harda desən orda peyda olan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin cavabdeh nümayəndələri bu cür yarmarkalar zamanı harda olurlar? Yəqin istirahətə başları qarışdığından xalq üçün təşkil olunan el şənliklərinə qatıla bilmirlər. Bilsəydilər, camaata açıq havada təqdim olunan yeməklərin hansı şəraitdə hazırlandığını görüb bir irad bildirər, tədbir görərdilər. Bəlkə də görmək istəmirlər: axı onlar rəiyyət deyillər.

Rəiyyətə isə tüklü qutab, əlcəksiz aşpaz, önlüksüz satıcı…. bir də ərəb musiqisi lazımdı. Ye, iç, kef elə…

P.S. Onu da xüsusi qeyd edək ki, İçərişəhərdə olduğumuz 30 dəqiqə ərzində səsləndirilən minisovka musiqilərinin repertuarı dəyişmədi – ancaq ərəb-fars mahnıları eşidildi. Sanki bu millətin bir oyun havası yoxmuş kimi…

Xəbər lenti