Bu dövlət orqanına da xidməti avtomobil veriləcək

678

Azərbaycanda xidməti minik avtomobilləri ilə təmin olunan dövlət orqanlarının sayı artırılıb.

Bu dövlət orqanına da xidməti avtomobil veriləcək

"Ölkə.Az" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi üçün xidməti minik avtomobillərinin say həddi (limiti) müəyyənləşib. Bu dövlət orqanı 1 minik avtomobili ilə təmin olunacaq.

Qeyd edək ki, "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli fərmanı ilə İdarələrarası Komissiyanın fəaliyyətinin təmin edilməsi üçün İdarələrarası Komissiyanın Katibliyi yaradılıb. Bundan əvvəl isə İdarələrarası Komissiyanın İşçi qrupu mövcud olub. Fərmana əsasən Katiblik dövlət orqanıdır və onun işçiləri dövlət qulluqçularıdır. Katibliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları var. Katiblik İdarələrarası Komissiyanın qərarlarının icrasına nəzarət edir. dövlət sirri haqqında qanunvericiliyin həyata keçirilməsi sahəsində dövlət qurumlarının fəaliyyətini əlaqələndirir, Azərbaycan prezidentinin və Nazirlər Kabinetinin İdarələrarası Komissiyaya verdikləri tapşırıqların icrasını təmin edir, dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə dövlət sirri haqqında qanunvericiliyin yerinə yetirilməsi sahəsində dövlət qurumlarının fəaliyyətini öyrənir. Eyni zamanda dövlət sirrinin mühafizəsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə müvafiq təşkilatlarla əməkdaşlıq edir, dövlət sirrinin mühafizəsi ilə bağlı məsələlərin həll edilməsi məqsədi ilə idarələrarası işçi və ekspert qruplarının yaradılmasına, habelə ayrı-ayrı təşkilatların, o cümlədən mütəxəssislərin işə cəlb edilməsinə dair təkliflər hazırlayır və baxılmaq üçün İdarələrarası Komissiyaya təqdim edir. İdarələrarası Komissiyanın fəaliyyətinin təmin edilməsi ilə bağlı İdarələrarası Komissiyanın ona həvalə etdiyi digər funksiyaları həyata keçirir.

Xəbər lenti