Əflatun Amaşovdan ETİRAZ "MŞ-nın adından sui-istifadə edərək..." - FOTO

702
Əflatun Amaşovdan ETİRAZ "MŞ-nın adından sui-istifadə edərək..." - FOTO

Sosial şəbəkələrdə Mətbuat Şurasının adından verildiyi iddia olunan mükafatın görüntüləri paylaşılıb.

Mynews.az xəbər verir ki, bu fotonun paylaşılması Mətbuat Şurasının sədri Əflatun Amaşovun etirazına səbəb olub. O, şəxsi facebook hesabında belə yazıb:

"Bəzi "reket nəşr"lər və onlara yaxın adamlar Azərbaycan Mətbuat Şurasının adından sui-istifadə edərək ayrı-ayrı vətəndaşların etimadını qazanmaq, bununla da özlərinin maddi maraqlarını gerçəkləşdirmək yolu tuturlar. Belə faktlara əvvəllər də rast gəlinib və hüquqi müstəvidə müvafiq ölçü tədbiri götürülüb.

Bir müddət öncə guya MŞ-yə məxsus olduğu iddia edilən jurnalist vəsiqələrinin kimlərəsə satıldığına dair məlumat əldə etdik. Həmin vəsiqələr tərəfimizdən facebook sosial şəbəkəsində yayımlandı, onların Şuraya məxsus olmadığı vurğulandı. Bununla əlaqədar müxtəlif internet media resurslarında xəbərlər yer aldı. Ardınca hüquq-mühafizə orqanları hərəkətə keçdi və MŞ-nin adından saxtakarlıq edən şəxslər saxlanıldı.

Bu gün burada belə bir mükafatın şəkli paylaşılıb. Təbii ki, Mətbuat Şurasının üzərində şəkildə gördüyünüz formada və məzmunda hər hansı mükafatı yoxdur, heç zaman da olmayıb. Belə görünür, Şuranın adından yararlanaraq özlərinin lokal maraqlarını reallaşdırmaq yolu tutan kimlərsə yenə də «fəaliyyətdədir».

Qətiyyətlə bildiririk ki, bu cür saxtakarlığa yol verən, Mətbuat Şurasının cəmiyyətdəki nüfuzuna xələl gətirməyə çalışan şəxslər qanunlarımız çərçivəsində cəzalanacaqlar. Bu öz yerində. Təəssüf ki, dələduz təfəkkürün məhsulu kimi meydana çıxdığı şübhə doğurmayan belə neqativ nümunələri Mətbuat Şurasına ünvanlanmış sətiraltı ifadələrlə, eyhamlarla bəzəyərək cəmiyyətə çatdırmaq yolu tutanlar da var. Belələrini şəkildə gördüyünüz mükafatı «dövriyyəyə buraxanlardan» müsbət mənada fərqləndirməkdə çətinlik çəkirəm. Gəlin, ədalətli olaq!”-deyə o, qeyd edib.

Xəbər lenti