Azərbaycanda daha çox qanun pozuntuları postsovet ölkələrin vətəndaşları ilə bağlı olur
2017-ci ilin yanvar ayına olan statistikaya görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) 49107 müraciət daxil olub. Sputnik Azərbaycan DMX-nin saytına istinadən xəbər verir ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) üçün 3852 müraciət, şəxsin Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün 2058 müraciət daxil olub.
Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması üzrə 1667 hal qeydə alınıb. Bunlardan 204 halda Azərbaycan Respublikası ərazisində yaşama leqallaşdırılıb, 1121 halda Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 325 halda isə deportasiya qeydə alınıb. 17 nəfər isə Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədini itirib.
Azəbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Azərbaycanda DMX tərəfindən hər ay hesabat tərtib edilir və qeyri-qanuni əsaslarla ölkə ərazisində yaşayan əcnəbi miqrantların sayı qeyd olunur: "Onların bir qisminin statusu leqallaşdırılır, müəyyən bir qisminin 48 saat ərzində ölkəni tərk etməsi qərarı verilir, bir qismi isə deportasiya olunur".
Ekspert bildirir ki, Azərbaycanda daha çox qanun pozuntuları postsovet ölkələrin vətəndaşları ilə bağlı olur: "Onlar üçün vizasız geiş-gəliş mövcuddur və onlara 90 gün ərzində ölkədə qalmaq icazəsi verilir. Təbii ki, onlar da müvafiq qaydada qeydiyyata düşməlidir. Əgər bu miqrantlar ölkədə 10 gündən çox qalacaqsa, qeydiyyata düşməlidirlər. Elə olur ki, kimsə qeydiyyata gecikir, kimsə yaddan çıxarır, kimsə xəstələnir". "Miqrantlar daha çox qeydiyyat məsələləri ilə bağlı qanun pozuntusuna yol verirlər. Bəzi əcnəbilər var ki, qeyri-qanuni əməklə məşğul olurlar. Əmək müfəttişliyinin keçirdiyi reydlər zamanı bu kimi faktlar aşkarlanır və Dövlət Miqrasiya Xidmətinə ötürülür. Bəzən olur ki, kimsə sənədini itirir. Cinayət tərkibli qayda pozuntuları da var. Tutaq ki, hansısa əcnəbi qeyri-qanuni şəkildə ölkəyə daxil olmağa çalışır. Yaxud, narkotik daşınması və s. qeyri-qanuni əməllərin edilməsi cinayət tərkibli qayda pozuntularıdır. Bu da Cinayət Məcəlləsi ilə tənzimlənir" — Allahverənov qeyd edir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən törədilən cinayətlərlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqi məsələsi yurisdiksiya baxımından iki istiqamətdə nəzərdən keçirilə bilər. Bunu isə Sputnik Azərbaycan-a hüquqşünas Elnur Aslanov deyib.
Hüquqşünas Elnur Aslanov O bildirir ki, birinci hal Cinayət Məcəlləsinin 11-ci maddəsinin tətbiqi ilə, yəni ölkə ərazisində ictimai-təhlükəli əməllərin törədilməsi ilə bağlıdır: "Bu halda bir məsələyə diqqət yetirmək lazımdır. Məcəllənin 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi sularında, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, Azərbaycan Respublikasının üzərindəki hava məkanında və iqtisadi zonasında törədilən cinayət Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Həmçinin, Azərbaycan Respublikasının hava və ya dəniz limanında qeydiyyatda olan, Azərbaycan Respublikasının dövlət və ya tanınma nişanı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda açıq sularda və ya hava fəzasında hərəkət edən su və ya hava gəmisində cinayət törətmiş şəxs Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilir". "Lakin bir məsələni də nəzərdən qaçırmaq olmaz ki, burada söhbət hərbi dəniz və ya hava qüvvələrinə məxsus gəmilərdə törədilən cinayətlərdən getmir. Çünki Məcəllənin 11-ci maddəsinin 4-cü hissəsinə görə, Azərbaycan Respublikasının hərbi donanmasına və ya hərbi hava qüvvələrinə məxsus olan gəmidə cinayət törətmiş şəxs, həmin gəminin olduğu yerdən asılı olmayaraq, ölkəmizin Cinayət Məcəlləsi ilə cinayət məsuliyyətinə cəlb edilir" — hüquqşünas əlavə edir.
Aslanovun sözlərinə görə, Azərbaycan Respublikası ərazisində cinayət törətmiş xarici dövlətlərin diplomatik nümayəndələrinin və toxunulmazlıq hüququna malik olan digər şəxslərin cinayət məsuliyyəti haqqında məsələ beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir: "Azərbaycan ərazisində cinayət törətmiş şəxsin əməlini tövsif edərkən, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Yəni hər hansı mərhələdə olmasından asılı olmayaraq, ölkə ərazisində baş verən ictimai-təhlükəli əməl cinayət məsuliyyəti yaradır".
"Şəxsin cinayət törətdikdən sonra ölkə ərazisini tərk etməsi məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu halda şəxsin dövlətlərarası və ya beynəlxalq axtarışa verilməsi həyata keçirilir. Dövlətlərarası və ya beynəlxalq axtarışın əsas məqsədi şəxsin yerinin müəyyən olunması və sorğu edən dövlətə ekstradisiya olunması məqsədilə həbs edilməsidir. Xarici ölkədə cinayət törədərək Azərbaycan Respublikasına qaçmış əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ekstradisiyası Cinayət Məcəlləsinin 13-cü maddəsi, "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" 15 may 2001-ci il tarixli Qanun, "Ekstradisiya haqqında" 1957-ci il Avropa Konvensiyasının müddəaları əsasında həll edilir. Xarici dövlətdə cinayət törədib Azərbaycan Respublikasına gələn ölkəmizin vətəndaşlarının xarici ölkəyə verilməsi yolverilməzdir. Bu, Azərbaycan Konstitusiyasının 53-cü maddəsinin II hissəsi və Cinayət Məcəlləsinin 13-cü maddəsinin 1-ci hissəsinin tələbindən irəli gəlir. Həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunması isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan şərtlə əsasında təmin edilir" — müsahibimiz vurğulayır.
sputnik.az