Tanınmış radio aparıcısı, yol nəqliyyat eksperti Tural Yusifov sosial hesabında Azərbaycanda verilən sürücülük vəsiqələri ilə bağlı paylaşım edib.
Mynews.az xəbər verir ki, o, paylaşımında Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin 7 ildir, keçərli olmadığını deyib. Buna səbəb isə yol hərəkəti haqqında Vyana konvensiyasına 29 mart 2011-ci ildən dəyişiklik edilməsini göstərib:
“Bu konvensiyaya uyğun olaraq konvensiya iştirakçıları bir-birilərinin sürücülük vəsiqələrini qəbul edirlər. Lakin bu dəyişiklik bizim vəsiqədə öz əksini tapmayıb. Bu səbəbdən xaricdə bizim vəsiqəni qəbul etmirlər. Saytımızda ərizə formasını götürüb ərizə ilə müraciət edib sürücülük vəsiqəsini pulsuz dəyişdirə bilərsiniz. Bu diqqətsizliyə görə sürücü məsuliyət daşımır”.
Radio aparıcısının mövzu ilə bağlı yazısını sizə təqdim edirik:
Azərbaycan Respublikasının sürücülük vəsiqəsi
1. soyad
2. Ad (və ya digər adlar)
3. Doğum tarixi və yeri
4. a) Vəsiqənin verilmə tarixi
4. b) Vəsiqənin bitmə tarixi
4. c) Vəsiqə verən orqanın adı və möhürü
5. vəsiqənin nömrəsi
6. Vəsiqə sahibin fotosu
7. Vəsiqə sahibinin imzası
8. Yaşayış yeri
9. Vəsiqə sahibin kateqoriyası və altkateqoriyalar
10. Hər bir kateqoriya üçün ayrıca verilmə tarixi
11, 13, 14 kateqoriyalar üzrə əlavə məlumat, yaşayış yeri dəyişərsə onun üçün əlavə məlumat, yol hərəkəti təhlükəsizliyi ilə bağlı digər məlumatlar
12. Xüsusi qeydlər
Belarus Respublikasının sürücülük vəsiqəsi
6 saylı əlavəyə əsasən sürücülük vəsiqəsində ad və soyad mütləq latın qrafikası ilə yazılmalıdır. Əgər mənsub ölkəsində latın qrafikası mövcud deyilsə və ya oxunma hərifəri düzgün gəlmirsə, o zaman bu informasiyalar transkript edilməlidir. Məsələn : Əliməmməd Əliyev Əli - Alimammed Aliyev Ali olaraq mütləq təkrarlanmalıdır.
Qazaxıstan Respublikası sürücülük vəsiqəsi
Göründüyü kimi ətraf respublikalar yeni nümunəli sürücülük vəsiqəsindən istifadə etsələr də, bizdə bu sürücülük vəsiqələri dəyişdrilməyib. Baxmayaraq ki, Vyana konvensiyası bu vəsiqələrin dəyişdirilməsini, həmçinin 6 saylı əlavəyə uyğun aparılmasını məcbur edir. Bax bu sadə bir səbəbdən Azərbaycan Respublikası sürücülük vəsiqələri xarici ölkələrdə keçərli deyil.
Bəs nə etmək lazımdır? Saytımızda xüsusi ərizə formasını yükləyərək, onu Daxili İşlər Nazirliyi BDYPİ-nin rəisi cənab Ramiz Zeynalova göndərin. YHQ-nun 35-cü maddəsinə əsasən sürücülük vəsiqəsində aşkara çıxarılan səhvlər BDYPİ-nin hesabına aradan qaldırılmalıdır.
Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.
Beləliklə sürücülük vəsiqənizi dəyişdirilməsi ilə bağlı həm YHQ -nun 34-cü maddəsi, həm də konvensiyaya uyğun olaraq 6 cı əlavəyə uyğun yeni vəsqələr əlavə qüvvəyə mindikdən 5 ildən gec olmayaraq, yəni 29 mart 2016-cı ildən sonra verilən bütün vəsiqələr dəyişdirilməlidir.
Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Azərbaycanın sürücülük vəsiqəsinin digər xarici ölkələrdə tanınması ilə bağlı hər hansısa problem yaranmasının mümkün olmadığını deyib.
Bildirib ki, sürücülük vəsiqələri ilə bağlı hər ölkənin öz qanunları var:
“Şəxsən mən sürücülük vəsiqəmizdən xarici ölkələrdə istifadə etmişəm və hər yerdə də tanınıb. Əgər belə bir fikirlər səsləndirirlərsə, bizə hansısa vətəndaşımızın sürücülük vəsiqəsinin xarici ölkədə tanınmaması ilə bağlı bir fakt desinlər.
Hər bir dövlətin bu məsələ ilə bağlı öz qanunları var. Həmçinin Azərbaycanda da belə qanunlar öz əksini tapır. Məsələn, xarici ölkə vətəndaşları və yaxud xarici ölkələrdən sürücülük vəsiqəsi almış Azərbaycan vətəndaşları ölkəyə daxil olduğu müddətdə aldığı sürücülük vəsiqəsindən bir ay ərzində istifadə edə bilər.
Daha sonra həmin şəxs Azərbaycanda milli sürücülük vəsiqəsi almalıdır. Qanun hər ölkədə müxtəlif faktlarda və müxtəlif formalardadır. Eynilə də istər Almaniyada, istər İspaniyada, istərsə də Avropanın digər ölkələrində qanun bu formada tənzimlənir. Bu o demək deyil ki, bizim sürücülük vəsiqələrimiz konvensiya faktlarının tələblərinə uyğun deyil və tanınmır”.
Milli sürücülük vəsiqələrində şəxs haqqında məlumatın Azərbaycan dilinin əlifbasına uyğun formada yazılmadığının və konvensiyanın konteksindən çıxarılaraq bənd ardıcıllığının pozulduğu məsələsinə toxunan K. Əliyev qeyd edib ki, həmin bu səbəblərə görə, digər ölkələrdən DYP-yə vətəndaşlarımıza protokol yazılması və məsuliyyətə cəlb olunması ilə bağlı heç bir məlumat daxil olmayıb:
“Bəli bu haqda məlumatım var. Məsələ burasındadır ki, hansı şəxs ümumi vətəndaş pasportu olmadan xarici dövlətə gedə bilir? Ən azından kimdəsə bir şübhə yaranırsa, o sürücülük vəsiqəsilə yanaşı öz ümumi vətəndaş pasportunu göstərir.
Həmin pasportda da şəxsin ad və soyadı eyni formada yazılır. Yəni, latın əlifbasına uyğun olaraq qeyd olunur. Buna görə də şəxs haqqında məlumatın yazılışı məsələsi heç bir problem yarada bilməz.
Bu mövzu ilə əlaqədar məlumatlar bizə daha çox Rusiyadan daxil olur. Belə olduğu təqdirdə isə vətəndaşdan həmin məsələyə görə, məsuliyyətə cəlb olunub-olunmaması ilə bağlı DYP-yə məlumat verməsini tələb etmişik. Deyə bilərəm ki, heç kəsə bununla bağlı protokol yazılmayıb və məsuliyyətə cəlb olunmayıb”.