Xəzərin sahilində böyüyüb gözəlləşən şəhər - FOTOLAR

902
Xəzərin sahilində böyüyüb gözəlləşən şəhər - FOTOLAR

Mynews.az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir.

Son illər Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatlar sayəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının yaxşılaşdırılmasına nail olunmuşdur. Regionların sosial-iqtisadi inkişafına dair birinci (2004-2008) və ikinci dövlət proqramlarının (2009-2013) uğurla icrası, habelə üçüncü Dövlət Proqramı (2014-2018) çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması ölkəmizi dinamik inkişaf yoluna çıxarmışdır. Artıq regionların siması büsbütün dəyişmiş, insanların sosial rifahı modern həyat standartlarına yaxınlaşmışdır. Ölkəmizin iqtisadi tərəqqisinə töhfəsini davamlı şəkildə artıran, əhəmiyyətli proseslərdə özünəməxsus rol oynayan şəhərlərdən biri də Sumqayıtdır.

Respublika iqtisadiyyatında xüsusi çəkiyə malik olan Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını da davamlı olaraq genişləndirir. Son illərin dinamik inkişafı Sumqayıtın simasında da aydın müşahidə olunur.
Xariqələr diyarına çevrilən və əzəmətli görkəmini yenidən bərpa edən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın gözəl şəhərləri sırasında yer alan Sumqayıt, eyni zamanda sürətli inkişafın əsas ünvanlarından biridir. Sumqayıtın sabaha hesablanan inkişaf prosesləri sürətli proqram əsasında aparılır.

Sosial sifarişin inikası

Respublikamızda son 15 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək cəmiyyətin sosial sifarişinin inikasıdır. 

Sevindirici haldır ki, ölkəmizin iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sumqayıtın tərəqqisi yeni inkişaf konsepsiyası əsasında aparılır. Ölkənin makroiqtisadi göstəricilərində şəhərin xüsusi çəkisi yüksəlir, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılır.
Son iki il ərzində ümumilikdə şəhərə 27,7 milyon manat vəsait ayrılıb ki, bu da xüsusi diqqətin, Sumqayıtın müasir şəhərə çevrilməsinə qayğının bariz təzahürüdür. Məlumdur ki, hər bir işin icrası zamanı ilk növbədə prinsiplərin, tezislərin müəyyən edilməsi lazım gəlir. Bu şəhərdə də görülən işlər xaotik xarakter daşımır, müasir şəhərsalma prinsiplərinə uyğun hazırlanmış proqram çərçivəsində vahid yanaşmaya əsasən konseptual şəkildə aparılır.
Son illərin inkişafı şəhərdə həmişə problem yaradan giriş yollarından başlamış, şəhərin hər iki istiqamətdə yolları genişləndirilərək yenidən qurulmuşdur. Göstərilən ərazilərdə və onların ətrafında yaşıllıq zolaqları salınaraq milli memarlıq üslubunda qala divarları çəkilmişdir. Belə ki, şəhərin əsas giriş qapısı olan Sülh küçəsi hər iki tərəfdən genişləndirilərək nəqliyyat vasitələrinin rahat hərəkəti üçün əlverişli şərait yaradılmışdır. Şəhərə giriş yolunun hər iki tərəfində uzunluğu 7 kilometr olan yağış sularının qəbuledicisi, su, kanalizasiya, kommunikasiya xətləri çəkilmişdir. Həmin ərazidə minlərlə kvadratmetr sahəyə yaşıl örtük salınmış və təkcə bu ərazidə 130 mindən çox ağac və dekorativ kollar əkilərək onu daha möhtəşəm etmişdir. Şəhərin giriş yolunun başlanğıcında əzəmətli Bayraq meydanı vizit kartına çevrilib. Yüksəklikdə dalğalanan üçrəngli Azərbaycan bayrağı təşrif buyuran hər bir kəsin qəlbinə bir qürur hissi aşılayır. 
Mikrorayon və məhəllədaxili ərazilərdə, qəsəbə və bağlar massivlərində yollara asfalt çəkilmiş, həmin yollarda piyada keçidləri yaradılmışdır. Keçirilən ağacəkmə kampaniyalarında həmin ərazilərdə yaşıllaşdırma işləri genişlənmiş, salınan bağlar əsasında xüsusi zolaqlar yaradılmışdır.

Mədəniyyət ocaqlarına qayğı

Şəhərin mədəni elitasının göstəricisi olan Sumqayıt Dövlət Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən qurulub. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika, işıqlandırma sistemləri və digər avadanlıqlar quraşdırılıb. Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib. Teatrın qarşısında işıqlandırma sistemi müasir standartlara uyğun yenidən qurulmuş, binanın qarşısında iki fəvvarə və böyük monitor yerləşdirilmişdir. Yenicə təmir edilən Kimyaçılar sarayı da bu istiqamətdə görülən işlərə bariz nümunədir.

Şəhərin park və xiyabanlarına daim diqqətlə yanaşılır. Özü də Sumqayıtda bu iş xüsusi proqram əsasında mərhələlərlə həyata keçirilir. Bir sıra şəhərlərdə boş yer tikinti meydançasına verildiyi halda Sumqayıtda məhz həmin ərazidə ağac əkir, yaşıllıq zonası yaradırlar. 
Heydər Əliyev adına parkda yenidənqurma işləri aparılmış, ərazi 8 hektardan 10 hektara qədər genişləndirilmişdir. Müasir işıqlandırma sistemi qurulmuş, yeni ağaclar əkilmiş, geniş həcmdə abadlıq işləri aparılmış, rəngli fəvvarələr kompleksi və Bayraq Meydanı tikilmişdir. Eyni zamanda uşaqlar üçün əyləncə mərkəzi inşa olunmuşdur. 
Heydər Parkında sahəsi 5 min kvadratmetr olan dördmərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilib, önündə ulu öndər Heydər Əliyevin ağ mərmərdən heykəli ucaldılıb. Mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən muzey, 420 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərir. Nikah evi də burada yerləşir.

Gənclər gələcəyimizdir

Sumqayıtda həyata keçirilən geniş işlərdən biri də gənclərlə bağlıdır. Gənc nəslə qayğı, onların problemlərinin həlli, təhsil almaları üçün şəraitin yaradılması prioritet məsələlərdəndir. Heydər Əliyevin adını daşıyan parkda müasir memarlıq üslubunda dördmərtəbəli Uşaq İncəsənət məktəbi tikilib istifadəyə verilib. Bu gün yüzlərlə gənc burada incəsənətin sirlərini öyrənir, asudə vaxtlarını ruhu dincəldən musiqini dinləməklə keçirirlər. 

Həmin ərazidə ikimərtəbəli Şahmat məktəbi də inşa edilərək müasir avadanlıqla təchiz edilib. Əbəs yerə deyil ki, sumqayıtlı şahmatçılar dünyanın ən yaxşıları arasında xüsusi nüfuz sahibidirlər. Bu da gənclərin asudə vaxtlarının daha da səmərəli keçirmələri üçün stimul verən önəmli faktordur.
Son bir neçə ildə şəhər məktəbliləri arasında tematik keçirilən tədris layihələri də öz bəhrəsini verməkdədir. Təkcə ötən il ali məktəblərə qəbul olan tələbələr əvvəlki illərdəkindən çoxdur. Şəhərin təhsil müəssisələrində tədrisin keyfiyyətinin və əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması, bu sahələrdə maddi-texniki bazanın möhkəmləndirilməsi daim diqqətdədir. Təhsil müəssisələri əsaslı və cari təmir olunub. Bu gün məktəblərin müasir tələblərə cavab verməsi istiqamətində işlər davam etdirilir. Bakıda keçirilən I Avropa və IV İslam Həmrəyliyi Oyunlarında sumqayıtlı idmançılar da əzmkarlıq göstərərək qalib olmuşlar.

Sumqayıt Dənizkənarı Bulvarı möcüzədir

Sumqayıtda həyata keçirilən layihələrin hədəfləri gələcəyə hesablanıb. Son dövrlərdə şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Bu məsələyə Sumqayıtda da xüsusi diqqətlə yanaşılır. Həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıt Dənizkənarı Bulvarın və şəhər çimərliyinin yaradılmasıdır. Xəzər dənizinin göy sularının çırpıldığı Sumqayıt sahillərində belə bir bulvarın salınması ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Xəzərin sahilindəki bu kompleks Sumqayıtın simasının daha da gözəlləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. 

 

Sumqayıt bulvarının ümumi sahəsi 106 hektardır və onun uzunluğu 4,2 kilometrdir. Bulvarın ərazisi dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə salınıb. Bulvarın salınması üçün həmin əraziyə 3 milyon kubmetr torpaq daşınıb. 4,2 kilometr uzunluğunda 1,5 metr hündürlüyündə istinad divarı tikilib. Bulvarda 55 hektar ərazidə yaşıllıq zolağı salınıb. 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilib.
Bulvar kompleksində yeniliklərdən biri də avtomat suvarma sistemidir. Bu da yaşıllıq zolaqlarının qorunmasında əvəzsiz rol oynayacaqdır. Həmçinin 76 hektar ərazidə kommunikasiya xətləri çəkilib. 1500 ədəd müxtəlif ölçülü işıq dirəkləri və işıqlandırma sistemləri quraşdırılıb. Sakinlərin rahat istirahəti üçün 600-dən artıq oturacaq qoyulub. Bulvarın ərazisində müxtəlif yerlərdə 50 kölgəlik yaradılıb, 5 ədəd rəngli fontan inşa edilib. 
Bulvarın ərazisində velosipedçilər üçün xüsusi hərəkət zolağı və piyada yolu salınıb. 4,2 kilometr yola asfalt döşənib, 30 hektar əraziyə daş döşənib. Ərazidə Bayraq Meydanı və Bayraq Muzeyi tikilib, sahildə gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanənin tikintisi aparılıb. 
Bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Burada 500-dən çox yeni iş yeri açılması nəzərdə tutulub. Onu da bildirək ki, dünya biznesini araşdıran üç ən böyük beynəlxalq təsisatlardan biri olan "Global Trade Leaders Club"un XXIV forumunda şəhərin bu yaraşıqlı bulvarı "International Award for Excellence & Leadership" mükafatına layiq görülüb.

Sosial sahədə hədəflərə çatılır

Sumqayıtda ictimai və yaşayış binalarının təmiri sahəsində də xeyli iş görülüb. 350 yaşayış binasının dam örtüyü yenidən qurulub, istismar müddətini ötmüş 200 ədəd lift dəyişdirilərək yenisi ilə əvəz olunub, 77 binanın fasadı yenidən qurulub. Heydər Əliyev və Azərbaycan prospektlərində 21 bina aqlay daşları ilə üzlənib, 325 binanın zirzəmisi çirkab sulardan təmizlənib, qəzalar aradan qaldırılıb, dezinfeksiya olunub, yaşayış binalarının girişləri işıqlandırılıb. 

Şəhərdə elektrik enerjisinə artan tələbatı nəzərə alaraq 15 yeni transformator quraşdırılıb, 80 kilometrdən çox hava xətti və kabel çəkilmişdir. Əbəs yerə deyil ki, Sumqayıtın gecə işıqlandırılması onu nura qərq edir. 
Qaz təchizatının yaxşılaşdırılması istiqamətində son bir ildə qazanxanaların təmiri, yenidən qurulması, modernləşdirilməsi və yenilərinin tikintisi, məhəllədaxili və binadaxili istilik təchizatı sistemlərinin əsaslı təmiri və bərpası üzrə işlər davam etdirilmiş, 18-ci mikrorayonda 24 yaşayış binası və 2 uşaq bağçasını istiliklə təmin edəcək qazanxana tikilib. Payız-qış mövsümündə həmin qazanxana vasitəsilə 24 yaşayış binasının - 1098 mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulub. 12-ci mikrorayonda 18 yaşayış binasını və bir məktəbi istiliklə təmin edəcək yeni qazanxananın tikilməsinə başlanmışdır. 
Lift Servis Birliyi tərəfindən şəhərin mənzil fonduna aid hündürmərtəbəli binalarda olan 594, səhiyyə ocaqlarında 11 ədəd liftə texniki xidmət göstərilib, 48 ədəd lift əsaslı, 64 ədəd lift isə cari təmir olunb. 2016-cı ildə 200 ədəd istismar müddətini keçmiş liftlər yenisi ilə əvəz edilib.
Bu gün qaçqın və məcburi köçkünlər ölkəmizdə dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Onların mənzil-məişət problemlərinin həlli istiqamətində müvafiq işlər həyata keçirilir və bu məsələ daim dövlət başçısının diqqətindədir. Artıq Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 936 mənzilin tikintisinə başlanılıb. Belə ki, çoxmərtəbəli binaların tikilməsi üçün şəhər icra hakimiyyəti tərəfindən 12-ci mikrorayon ərazisində 2,8 hektar yer ayrılıb və hazırda həmin ərazidə böyük bir şəhərcik salınır. Ötən ilin fevral ayından tikintisinə başlanılan şəhərciyin bu ilin mayında tam istifadəyə verilməsi planlaşdırılıb.

Dünənin, bu günün və sabahın layihələri

"Azərkimya" İstehsalat Birliyi 2010-cu ilin aprelindən SOCAR-ın tərkibində təsis olunub. Onun strukturuna "Etilen-Polietilen" zavodu, "Səthi Aktiv Maddələr" zavodu, "Üzvi Sintez" zavodu, "Mexaniki Təmir" zavodu, "Kimyalayihə" İnstitutu, Təmir-Tikinti idarəsi, Nəqliyyat və Xüsusi Texnika idarəsi, Anbar Təsərrüfatı daxildir.

Kimya sənayesinin inkişafında Sumqayıt Kimya Sənaye Parkının yaradılması bu sahədə atılmış ən önəmli addımdır. Sumqayıt Kimya Sənayesi Parkının yaradılmasında əsas məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.
Hazırda Sumqayıt Kimya Sənaye Parkının "Azertexnolayn" Məhdud Məsuliyyətli Cəmiyyəti, "SOCAR Polymer" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Azer Float" Qapalı Səhmdar Cəmiyyəti, "Azerbaijan Fibro Cement" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Baku Non Ferrous and Foundry Company" MMC, "Silisium və Kalsium İstehsalat Müəssisəsi" MMC, "MST Engineering Services" MMC, "Aqrokimya Azərbaycan" MMC, "Alco Lubricant Company" MMC, "STDC" MMC-nin rezidenti var.
Hazırda 5700 işçisi olan Sumqayıt Kimya Sənaye Parkında (gələcəkdə bu rəqəmin bir neçə dəfə artacağı şübhəsizdir) ixtisaslı kadrların hazırlanması üçün müasir tipli peşə tədris mərkəzinin, 5 rezident tərəfindən müxtəlif məhsullar, o cümlədən polipropilen, yüksək sıxlıqlı polietilen tikinti materialları üçün qatqı, ferroərintilər, yüksək təzyiqədavamlı birləşdiricilər və kənd təsərrüfatında ziyanvericilərə qarşı pestisidlər istehsal edəcək müəssisələrin tikintisi davam etdirilir. 4 rezident isə yeni istehsal sahələrinin yaradılması üçün layihələndirmə işlərinə başlanılmışdır. "Baku Steel Company" və İtaliyanın "Danieli" şirkətləri arasında dəyəri 1,2 milyard avro olan müqaviləyə əsasən "Azərboru" ASC-nin ərazisində tikiləcək 5 müəssisədən ibarət metallurgiya kompleksinin təməlinin qoyulmasına hazırlıq işləri aparılır.
Bir faktı da xatırlatmaq yerinə düşər ki, yaxın gələcəkdə şəhərimizin ixrac məhsullarının istehsalı, yəni istehsal sahələrinin yaradılması və ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində xüsusi rolu və çəkisi artacaq. Sənaye parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə dünya bazarına ixrac ediləcək.
Son bir neçə ayda "AzerFloat" QSC-nin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun və "Azərxalça" ASC-nin yunəyirici-boyaq fabrikinin təməlinin qoyuluşu, "Aqrokimya Azərbaycan" MMC-nin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin və "STDC" MMC-nin layihəsi olan məmulatların emalı, qeydə alınması və ötürülməsi mərkəzinin, "Baku Steel Company" MMC-nin oksigen zavodunun açılışı olmuşdur.

Elin yaratdığı xariqələr

Xəzərin sahilində məskən salan Sumqayıt bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Cəmi 69 yaşı olan şəhərin gündən-günə inkişafını seyr edən sakinlər bu əzəmətli şəhərin yerində nə vaxtsa quru səhralıq, bomboz şoran düzənlik olduğunu ağıla gətirməyə belə çətinlik çəkirlər. 100 illik müstəqillik tariximizin yarıdan çoxu Sumqayıtın həyat kitabının yazılmış vərəqləridir.

Sumqayıta həsr edilən mahnının bu sözləri çox məşhurdur:

Canlanır hər qarış çöl Sumqayıtda,
Xariqələr yaradır el Sumqayıtda.

Ölkəmiz növbəti prezident seçkilərinə hazırlaşır. 4 seçki dairəsində 170000-ə yaxın seçicisi olan Sumqayıt inkişaf hədəflərini gələcəyə nizamlayıb. İnsan kapitalının qorunması, istehsal artımı, yeni müəssisələrin istifadəyə verilməsi, minlərlə iş yerinin açılması, sağlam sahibkarlıq mühitinin formalaşması və digər əldə edilən onlarla uğurla bu seçkilərə gedən sumqayıtlılar əmindirlər ki, xalq onun gələcəyini dünəndən ehtiva edən namizədə səs verəcək. Və məhz ondan sonra Xəzərin sahilində büsat üstündə büsat qurulacaqdır.

Xəbər lenti