"Səbinəni yuyurdular, amma anasının göz yaşları ilə..."

857
"Səbinəni yuyurdular, amma anasının göz yaşları ilə..."

Beyninə qan sızaraq dünyasını dəyişən məşhur həkim Səbinə Mirzəyevanın ölümü hər kəsi kədərləndirib.

Mynews.az xəbər verir ki, Metbuat.az jurnalist Türkan Məmmədlinin S.Mirzəyevanın ölümü ilə bağlı yazdığı statusu təqdim edir:

Nə olar, deyin yalandı... 
-Nə yalandı?
-Səbinə xanıma heç nə olmayıb deyin. Siz jurnalistsiz, bilərsiz. Nə olar yalandı deyin. Onu çox sevirdim.
-Xanım, nə olub Səbinəyə? Heç nə anlamıram. Nəyi nəzərdə tutursuz?
-Səbinə xanım vəfat edib, deyirlər...

Məhz belə aldım bu ağlıma gəlməyən xəbəri. İnsan bir anda heçə düşür e, bax elə oldum. Birinci dedim yalandı. "Özünə yığıb soruşa bilmərəm ki, bu nə xəbərdir. Ayıb olar!" deyə düşündüm və yaxınlarını axtardım. Heç kim cavab vermədi. Bu an bayaq heçim qorxu, təəssüf hissi ilə əvəzləndi.

Yoldaşımla birgə evinə getdim. Məhələ bom-boş idi. Respublika ilə bir adı olan insanın ölümü üçün bu mənzərə çox sakit idi. Dedilər nəfəsi qayıdıb, apardılar klinikaya. Axrıncı dəfə belə nəyə sevinmişdim,bilmirəm. Üz tutduq klinikaya. Yol boyu dua etdim. Allah balalarına bağışlasın,dedim. Telefonlarım dayanmadı. Hamı məndən eyni cavabı almaq üçün xahiş belə edir: "Nə olar, şad xəbər de”.

Biz də pis xəbər eşitməkdən qorxub, klinikanın dünyanın o başında olmasını istəyirdik. Amma orada da tapmadıq onu. Dedilər "Göy Məsçid”ə aparıblar… Səbinə Mirzəyevanı məsçidə aparıblar! Düşünə bilmirdim. Niyə ora aparılmasını anlamaq istəmirdim.

Çatdıq… O da haqq dünyasına çatmışdı artıq. Yüzlərlə insanın dünyaya gəlməsinə şahid olan qadın şahidliyimizlə dünyadan köçürdü.


Qulağıma fəryad səsi gəldi.

-Gözəl balam. Dünyanı sənsiz istəmirəm, Səbinə! 
Ana fəryadı, naləsi, üsyanı idi bu. Qulaqlarım ağrıdır. Səbinəni yuyurdular, özü də anasının göz yaşı ilə, sanki... Onu son mənzilə yola salmaq, elədiklərinin haqqını ödəmək üçün yuyulma mərasiminə mən də girdim. Ağ-appaq, mələk kimi idi. İnsan ölərkən gözəlləşir, deyirlər düzdü. Ancaq o elə sağlığında da gözəl idi. "Zərrə qədər haqqım varsa üzərində, halal edirəm” dedim. Elə çətin mənzərə idi. Qüsullanmış Səbinə ilə qardaşı, yoldaşı, anası, qohumları görüşürdü. Bütün baş verənlərin fonunda yenə ana fəryadı səslənirdi. Yenə qulağım ağrıdı! Ananın ürəyi qədər olmaz,sözsüz!

Səbinəni heç bir il deyildi tanıdığım. Həmişə harasa tələsirdi. Bütün işləri tez görmək, planları dərhal həll etmək kimi istəyi var idi. Layihələri böyür-böyürə düzərdi. Bir gün yoldaşım ona dedi, bu qədər niyə tələsirsən? Hamısını edəcəksən! Dedi "Bilirəm tez öləcəm. Çatdımalıyam hamısını. 40 yaşımdan yuxarı yaşamayacam”.

Elə təzə 40 yaşını qeyd etmişdi. Özü də demişdim ki, bu yaşı keçirmə, düşmür! Sözümə baxmadı, son zamanlar üzünə baxmadığım... Aramız bir az soymuşdu. Amma yenə də əlamətdar günlərdə yazışıb, təbrik edərdik biri-birimizi! Ana olmağımı çox istəyirdi. Söz vermişdi ki, uşağım dünyaya gələndən sonra 7 il sərasər Həcc ziyarətinə zəvvar yollayacaq. Mənim üçün qurbanlar demişdi, nəyə qurban getdiyini bilmədiyim...

Yenə Ofa xalanın naləsi qulağıma gəlirdi. Qızını öz evinə gətirərkən kitablarını, şəkillərini açıb düzdü üstünə. Əlinə alıb, qışqırırdı...
-Görün nə gözəldir balam! Səbinə mən öləydim, ağlayardın. Məni qoyub hara getdin. Anan ölərdi, ay Səbinə! Kimin nəfsinə gəldi balam. Bu gün bizə gələsi idi. AzTV-nin xəbərləri onu göstərəcəkdi. Gözüm sənsiz baxmaz dünyaya!

Dünən konfransı baş tutub. Orada doğuş zamanı baş verən ana ölümündən söz açıb. Bu gün 2 balasını həyata təhvil verib, getdi.

Hər kəs yaşayacaq, böyüyəcək. Bir sən olmayacaqsan, doktor! Dünyada neçə-neçə canlı əsərlərin qaldı. Qadının bətnində daşıdığı övladına özündən öncə sən toxunardın. Günahların varsa, bağışlanmasını istəyəcəm Allahdan! Yerin cənnət olsun...

Xəbər lenti