Bakıda ofis rəhbərləri və ya yeni tikililərin komendantları sakinlərə müxtəlif ölkələrdən olan turistlərə öz mənzillərini təklif etməyi qadağan etmək hüququna malik deyillər.
Sonxeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a tarix elmləri namizədi, istefada olan polis polkovniki Tahir Behbudov danışıb.
Mynews.azredaksiyasına paytaxt sakinləri tərəfindən şikayət daxil olub. Şikayətdə deyilir ki, eyni vaxtda Bakının bir neçə yeni tikilisində liftlərə "Mənzil sahiblərinin nəzərinə!!! Artıq dərəcədə xahiş olunur ki, mənzillərinizi İran və ərəb mənşəli şəxslərə kirayə verməyəsiniz!" yazısı olan kağızlar yapışdırılıb.
Sakinlər həmin müraciətdə gizli irqçilik əlamətləri seziblər.
T.Behbudovun fikrincə, Azərbaycan dövləti turizmin inkişafına diqqət ayırır, bu cür neqativ hadisələrin şahidi olmaq kədər hissi doğurur:
"Azərbaycan qanunvericiliyində analoji hərəkətlərə görə inzibati və ya cinayət cəzasını nəzərdə tutan maddə yoxdur.
Həmçinin bir faktı nəzərə almaq lazımdır ki, qanunla ev sahibləri və yaxud digər şəxslər Azərbaycan Respublikasının vətəndaşına hər hansı bir şəxsə, o cümlədən əcnəbilərə öz əmlakını kirayəyə verməyi qadağan edə bilməz.
Onlar, sadəcə, xahiş edə bilərlər. Kirayə verib-verməməyə isə siz qərar verirsiniz".
Ekspert bildirib ki, ola bilsin, turistlər bu binalarda baş vermiş hadisələr zamanı yaranmış problemlərin səbəbi olublar:
"Məsələn, mənzildə suyu açıq qoyublar, gecələr səs-küy salıblar və yaxud da təmizliyə riayət etməyiblər.
Əgər hətta belə də olsa da, bu, heç kimə mənzillərin əcnəbilərə kirayə verilməsinə mane olmaq hüququ vermir. Turistlərlə Azərbaycan cəmiyyətindəki mədəni normalar mövzusunda söhbətlər aparmaq olar".