Azərbaycanda "təhsil tələsi" qurulub - Xəbərdarlıq

747
Azərbaycanda "təhsil tələsi" qurulub - Xəbərdarlıq

Müəllim və tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldıran sistem Distant Təhsil Sistemidir. Bu, inkişaf edən texnologiya ilə birlikdə müvəffəqiyyət nisbəti hər keçən gün artan bir təhsil sistemidir.

Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir.

Bir çox tələbələrin işin çoxluğu, ailə öhdəlikləri və ya digər təzyiqlər səbəbindən beynəlxalq təhsil üçün xaricə getməsi mümkün deyil. Ancaq distant təhsil bütün bu mümkünsüzlüklərin üstündən xətt çəkir. Distant təhsildə isə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi var.

Distant təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilər. Bu baxımdan müxtəlif məqsədlərlə istənilən təhsil proqramı sahəsində həyata keçirilə bilən distant təhsil sisteminin funksiyaları daha genişdir.

Xatırladaq ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Qanunda ali təhsil almaq formalarından biri kimi distant təhsil qəbul edilsə də, indiyə qədər Azərbaycanda bu təhsilin mexanizmi müəyyən olunmayıb. Ona görə də xarici ölkələrdə bu formada təhsil almış şəxslərin diplomları ölkəmizdə tanınmır.

Mynews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki,  təhsil eksperti Kamran Əsədovun dediyinə görə, hazırda Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz.

Ekspert qeyd edib ki, ölkəmizdə distant təhsilin fəaliyyətə başlamamasına təsir göstərən bir neçə vacib məqam var: "İlk növbədə, bizim ali təhsil müəssisələrimizin tədrisi bu təhsil formasında qurmaları üçün maddi-texniki bazaları yoxdur. Belə ki, distant təhsil zamanı peyk, video, audio qrafik, kompüter, multimedia texnologiyası kimi elektron vasitələrin köməyi ilə təhsil uzaqdakı şagirdlərə çatdırılır. Amma bizim universitetlərin həm qeyd etdiyim resursları yoxdur, həm də bunu tətbiq edəcək kadr potensialı".

K.Əsədovun fikrincə, Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrində hələ də qiyabi təhsilin mövcud olması da buna ciddi şəkildə maneə olur: "Yaxın vaxtlarda qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant təhsillə əvəz olunacaq. Hazırda qiyabi təhsilin ləğv olunması ən yaxşı üsuldur. Çünki qiyabi təhsil artıq öz faydasını vermir və Avropanın qabaqcıl ölkələri ilə rəqabət apara bilmək üçün distant təhsilə keçilməsi vacibdir".

Qeyd edək ki, hazırda ictimai yerləri - metro stansiyalarını, televiziya ekranlarını və internet saytlarını "xaricdə imtahansız təhsil" reklamları "bəzəyir". Bunların içərisində Ukrayna, Türkiyə və Gürcüstan universitetlərinə imtahansız qəbulun təşkilinə daha çox rast gəlinir. Azərbaycanda ali təhsil üçün nəzərdə tutulan test imtahanından minimum keçid balını toplaya bilməyən bir çox gənc xaricdə təhsil almağa üz tutur.

Kamran Əsədov bu məsələyə də münasibət bildirib: "Son illərin təcrübəsi onu göstərir ki, xaricdə imtahansız təhsil verən əksər universitetləri təhsil vermək yox, fırıldaqçılıqla pul qazanmaq düşündürür".

"Təəssüf doğuran məqamlardan biri də budur ki, insanlar kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Fırıldaqçıların girovuna çevrilməkdə valideynlərin məsuliyyətsizliyi də böyük rol oynayır. Onlar məlumatsızlıq ucbatından övladlarının təhsilini, onların gələcəyini öz maraqlarına - diplom sevdasına qurban verirlər", - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, bəzi insanlarda sanki belə bir rəy formalaşıb ki, "təhsil necə olur-olsun, fərqi yoxdur, yetər ki, diplom olsun". Ekspert vurğulayıb ki, insanların xaricdə "imtahansız təhsil" adı ilə fırıldaqçıların könüllü qurbanına çevrilmələrinin əsas səbəbi də diplomdur.

"Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çünki ölkə qanunvericiliyi bu yolla "təhsil" alıb ölkəyə qayıdanların diplomunu rəsmən tanımır. Bu, günümüzün acı reallığıdır", - Əsədov deyib.

Həmsöhbətimiz xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrə, onların valideynlərinə tövsiyə edir ki, özləri birbaşa xarici ali təhsil müəssisələrinə sorğu göndərib, Təhsil Nazirliyinə müraciət edərək həmən universitetin ölkəmizdə tanınıb-tanınmamasını, diplomun hansı hallarda tanınacağını öyrənə bilərlər: "Əgər bunu etməsələr, onların 4-5 illik əziyyətləri, vaxtları boşa çıxacaq. Yüksək vəsait sərf edərək əldə etdikləri diplomlar adi kağız parçasına çevriləcək".

Xəbər lenti