Toyundakı arzusuna çatan şəhid PƏNCƏLİ TEYMUROV - VİDEO

1508
Toyundakı arzusuna çatan şəhid PƏNCƏLİ TEYMUROV - VİDEO

Aprel döyüşlərinin qəhrəmanlarından biri də gizir Pəncəli Teymurovdur. O Pəncəli ki, düşmən ordusunun onlarla canlı qüvvəsini və texnikasını məhv edib.

İgid döyüşçümüz 1981-ci ildə Astaranın Əzərud kəndində dünyaya göz açıb.

Pəncəli Teymurov Asxanakəran kənd tam orta məktəbini bitirəndən sonra 1999-cu ildə hərbi xidmətə yola düşür və könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat qrupuna yazılaraq Bakıda gizir məktəbini bitirir. Daha sonra Türkiyənin xüsusi kəşfiyyat məktəblərində yüksək səviyyədə təlim keçir.

Atası Nurməmməd Teymurov da vaxtilə hərbçi olmaq istəyib: "Mənim arzum idi mən hərbiçi olum. İmtahan verdim, hərbi məktəbə daxil oldum. Ancaq müəyyən səbəblərdən sonra tərxis oldum. Oğlum gördü mən hərbçi olmaq istəyirəm, mənim yolumu davam etdirdi. Mən Pəncəli ilə qürur duyuram. Bizim güclü ordumuz var, tapdaq altında qalan digər torpaqlar da azad olunacaq".

Vətənə canı və qanı ilə bağlı olan Pəncəli Teymurov öz toyunda özünə arzusu ilə hamını şoka salır - Tanrıdan özünə şəhadət diləyir.

Qardaşı Elbrus Teymurov deyir ki, o, təkcə vətəni üçün deyil, ailəsi üçündə dəyərli övlad olub: "Əsgər kimi də böyük şücaətlər göstərirdi. Komandirlər ondan razı qalırdılar. O, hərbidən heç nə bizə danışmırdı".

Pəncəli aprel hadisələrinin ilk günü döyüş yoldaşları ilə erməni təxribatının qarşısını almağa yola düşür. Düşmənə qan udduran Pəncəli ermənilərin bir neçə canlı qüvvəsini və texnikasını məhv edir. Özü də son damla qanına kimi döyüşür. Komandiri ilə birlikdə şəhid olan Pəncəlinin nəşi bir neçə gün erməni tərəfində qalsa da, aprelin 10-da onun alınaraq doğulduğu kəndə gətirilib və burada dəfn olunub.

Anası Vahimə Ağayeva bütün şəhidlərə öz balası kimi yanaşdığını deyir: "Bir tərəfdən düşünürəm oğlumu itirmişəm, o biri tərəfdən də qürur duyuram ki, oğlum dövlətə, vətənə necə xidmət edib. Onun etdikləri ilə mən qürur duyuram. Nə qədər şəhid olub, onların hamısı mənim oğlumdur. Allah onların hamısına rəhmət eləsin. Allah onların anasına səbr versin!"

Bu gün Pəncəlinin anım gününə onun döyüş yoldaşları da toplaşmışdı. Şəhid gizirin öz hərbçi yoldaşına hərbi vətənpərvərlik ruhunda hədiyyə etdiyi kitabı bu gün anasına təhvil verilib.

Pəncəlinin məzarı kənd sakinlərinin and yerinə çevrilib. Ölümündən iki il keçməsinə baxmayaraq, böyükdən kiçiyə hamı onun məzarını ziyarət edir, ruhuna dualar oxuyur. //APA.TV

Xəbər lenti