Bu dəqiqə də efirə baxsaz görərsiz, çalıb-oynayırlar və elə hesab edirlər ki, artıq, toxunulmazdırlar. İstənilən ziyalını, şairi tapdalayıb, keçə bilərlər. Sözləri bitəndə isə deyirlər ki, siz yaxşı adam olsaydız, sizin də pulunuz olardı. Pulsuzsuz, acsız, qonoror hesabına dolanırsız.
Bu sözləri Teleqraf.com-a müsahibəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəyli deyib. Müsahibəni təqdim edirik
- Elçin bəy, son zamanlar sizin verilişi tənqid edənlərin sayı çoxalıb. Səbəb nədir?
- Normaldır. Verilişin hər buraxılışı haqda müəyyən fikirlər səslənə bilər. Hamısının bəyənilməsi mümkün deyil. Tənqidləri də normal qəbul edirəm. Elə verilişlər olur ki, zəif alınır, elə verilişlər də olur, qalmaqal qoparır, insanların narazı qaldığı məqamlar olur. Məsələn, biz Mikayıl Müşfiqin tənqidi ilə bağlı mövzu qoymuşduq, Elşad Barat efirdə üzr istədi, tamaşaçılar zəng edib fikir bildirdilər ki, niyə onu efirə buraxırsız?
Amma mən hesab edirəm ki, bir məsələ sosial şəbəkələrdə yayılıbsa, müzakirə edilibsə, efirə də çıxa bilər. Ona görə də, müxtəlif fikirlərin səslənməsi normaldır. Deməli, veriliş baxımlıdır ki, tənqid hədəfinə də çevrilir. Təhqiri yox, tənqidi normal qəbul edirəm.
- Demək olar ki, bütün verilişlərdə dəvət etdiyiniz qonaqlar mövzuları aqressiyayla müzakirə edirlər… Bu necə, normaldırmı?
- Tok-şou janrı haqqında bizdə təsəvvürlər çox məhduddur. Dünyanın bir çox aparıcı kanallarında bu tip verilişlər var ki, qonaqlar öz fikirlərini kəskin, aqressiv şəkildə bildirirlər. Hər kəs öz həqiqətini çatdırmaq istəyir. Yəni tok-şouların tələbləri budur. Artıq, o dövr keçib ki, sakitcə oturub hansısa mövzunu müzakirə etsinlər. İnsanlar bir-birinin sözünü kəsib, fikir söyləmək istəyirlər. Televiziya üçün bu, çox normal haldır. Bu, televiziya nəzəriyyəsində də var, praktikasında da. Mən sizə mənbələr də göstərə bilərəm ki, tok-şoular necə olmalıdır...
Elə kitablar da var ki, qonaqlara tok-şoularda özlərini necə aparmalı oluqlarını öyrədir. Çünki tok-şounun dramaturji quruluşu var və mütləq orda toqquşma, konflikt olmalıdır.
- Belə başa düşülür ki, aqressiv müzakirələr həm bu tip verilişlərin tələblərindən irəli gəlir, həm də siz gərginlik yarada biləcək qonaqları dəvət edirsiz.
- Xeyr, xüsusi adamlar dəvət etmirik. Bu, janrın tələbidir. Siz verilişlərimizə fikir vermisizsə, müxtəlif insanları dəvət edirik. Sadəcə, veriliş elə qurulur ki, insanlar mübahisəyə girşirlər. Bu da aparıcının üzərinə düşən vəzifələrdən biridir.
Yəni mövzuyla bağlı tərəflərin əks-fikirləri səslənməlidir ki, müzakirə də alınsın. Tok-şoular bu xüsusiyyətlərinə görə digər verilişlərdən seçilir.
- Bu cür aqressiv müzakirələrlə müsbət nəticə əldə etmək mümkündürmü?
- Bilirsiz, tok-şoular, verilişlər nəticə əldə etmir, sadəcə, müzakirə edir... Ümumiyyətlə, televiziya böyüdücü şüşədir, cəmiyyətdə baş verən hansısa məsələni böyüdüb göstərir. Orda müxtəlif fikirlər səslənir və artıq tamaşaçılar özləri qərar verməli olur ki, kimin fikri daha dəqiqdir. Aparıcı isə ən sonda yekun vurur və yekunda səslənir ki, əslində həqiqət nədir...
Yəni aparıcının son sözü ona ünvanlanır ki, dəyərlər nədir, hansı dəyərlər qorunmalıdır… Bütün verilişlərin sonunda bu çağırış var: cəmiyyət azad və intellektual olmalıdır. Bir-birimizə və tənqidlərə dözməliyik. Cəmiyyət azad olmalıdır. Azadlıq deyəndə, təkcə siyasi azadlıqdan söhbət getmir, insan həm də məişətdə, sosial həyatda azad olmalıdır. Eyni zamanda bu azadlıq mütləq intellektə söykənməlidir. Yalnız intellektə söykənən azadlıq dəyərli ola bilər. İntellekti olmayan birinin əlinə düşən azadlıq vəhşi heyvana verilmiş silaha bənzəyir.
Biz ərzaqların keyfiyyəti haqqında da müzakirələr apardıq. İnsanları maarifləndirdik ki, ərzaq alanda diqqətli olmalısız, mənşəyi haqda maraqlanmalısız. Bu gün hamı mobil telefondan istifadə edir və bu telefonlarda xüsusi qurğular var ki, istənilən məhsulun ştrix kodunu yoxlayıb, əsl olub-olmadığını bilmək olar. Heç olmasa, bunu etmək lazımdır…
Artıq, 8 ildir ki, toyuq dönəri Azərbaycanda rəsmən qadağan olunub, ancaq hələ də satışda var. Biz verilişdə bunu da səsləndiririk ki, toyuq dönəri almayın... Çünki sağlamlığa ziyanı var. Yəni verilişlərimizdə bu cür fikirlər də səslənir, müxtəlif mövzulara toxunulur. Kitab haqqında da danışırıq, təhsil haqqında da, hətta qayınana-gəlin münasibətlərindən də… Hər birində də çalışırıq ki, insanların maariflənməsinə kömək edək.
- Baloğlan Əşrəfovla baş verən qalmaqal zamanı demişdiz ki, onun Üzeyir bəy haqqında səsləndirdiyi fikirlərin görüntüləri var. Bu görüntüləri əldə etmək mümkündürmü, yoxsa özünüz nə zamansa üzə çıxaracaqsız?
- O görüntülər ATV kanalının arxivində də var, məndə də. Amma mən həmin görüntülərin üzə çıxmasına ehtiyac duymuram. Həmin verilişdə çox kəskin müzakirələr olmuşdu və o görüntülər üzə çıxsa, bu, qarşı tərəf üçün heç də yaxşı nəticə verməyəcək. Çünki orda hamı Baloğlan bəyi çox sərt tənqid etdi. İndi yaşını, xəstəliyini nəzərə alıb, bu görüntülərin bir daha üzə çıxmasını istəmirəm. Cəmiyyətin də ona qarşı fikri dəyişə bilər.
Həmin verilişin canlı şahidləri də var. Sosial şəbəkələrdə həmin adamlar da yazdılar ki, biz o verilişə baxmışdıq, orda iştirak etmişdik. Onların arasında xalq artistləri də var. Bu məsələni yenidən qabartmağa ehtiyac yoxdur. Baloğlan bəy də fikirlərini dəyişib. Hiss etdi ki, düzgün danışmayıb.
İndi fikrini belə ifadə edir ki, guya Üzeyir bəyi silah gücüylə məcbur ediblər, həmin "çetvert ton"ları Azərbaycan musiqisindən çıxarsın. Təbii ki, bu, çox yanlış fikirdir. Üzeyir bəy elə ilk gündən çalışırdı ki, öz əsərlərində Avropa musiqisinə yaxın bir musiqi yaratsın və Azərbaycan musiqisini dünya musiqisinə inteqrasiya etdirsin.
- Ünvanınıza tənqidlər, təhqirlər davam edirmi və davam edəcəyi halda hansı addımları atmağı düşünürsüz?
- Sosial şəbəkələrdə və telefon zənglərində mənə qarşı çox ciddi təhdidlər və təhqirlər səslənir. Hesab edirəm ki, bunların çoxu quramadır. Qəribədir ki, bu məsələni regional məsələyə çeviriblər. Ancaq mənim heç bir regionla işim yoxdur. Burda söhbət Üzeyir bəy Hacıbəyovdan gedir. Üzeyir bəyin toxunulmaz olduğunu da demirəm, tənqid etmək olar, ancaq onu günahlandırmaq və xəyanətkar adlandırmaq olmaz. Mən bunun müdafiəsinə qalxmışam.
Kamran Həsənlinin verilişində də dedim ki, sizi tənqid edəndən sonra məni ölümlə hədələdilər. Yəni siz tənqidə dözümlü deyilsiz. Bundan sonra o özündən çıxdı və canlı yayımda "sənin başını kəsərəm" dedi. Bu, onun aqressiyasıdır. Bu, Azərbaycan müğənnilərinin bir çoxunun xəstəliyidir. Onlar çox böyüyüblər. Cəmiyyətə, cəmiyyətin ziyalısına, professoruna, yazıçısına, şairinə yuxarıdan aşağı baxırlar. Bu da məni çox narahat edir.
Artıq Elza Seyidcahan özünü ciddi şair hesab edir və bütün şairləri məsxərəyə qoyur. Bu, ciddi siqnaldır. Müğənnilərin cəmiyyətdə bu qədər hökmranlıq etməsinin, ziyalılardan önə keçməsinin günahkarı televiziyalar və KİV-lərdir. Çünki onları çox şişirtdilər, qoltuqlarına qarpız verdilər. Bu dəqiqə də efirə baxsaz, görərsiz ki, onlar çalıb-oynayırlar və elə hesab edirlər ki, artıq, toxunulmazdırlar. İstənilən ziyalını, şairi tapdalayıb keçə bilərlər. Sözləri bitəndə isə deyirlər ki, siz yaxşı adam olsaydız, sizin də pulunuz olardı. Pulsuzsuz, acsız, qonorar hesabına dolanırsız. Təsəvvür edin ki, bu sözləri Murad Köhnəqalanın, Kəramət Böyükçölün üzünə deyirlər.
Deyirlər ki, siz yaxşı yazıçı olsaydınız, qonorarın hesabına yaşamazdız. İstedadı şübhə altında olan adamların istedadlı adamlar haqqında bu cür danışmağı şəxsən məndə qıcıq yaradır. Bu, düzgün deyil. Hər kəsin cəmiyyətdə öz yeri var.
- Neçə illərdir ki, televiziyadasız. Müxtəlif illərdə, müxtəlif verilişlərdə dediyiniz müğənnilərlə verilişləriniz olub. Sizcə, artıq zamanı deyilmi ki, elə müğənnilərin siyahısı hazırlanıb, efirə girişləri qadağan edilsin?
- Mümkün deyil… O cür mexanizmin tətbiqi mümkün deyil. Bu məsələdə birinci növbədə avanqard rolunu dövlət televiziyası oynamalıdır. Yəni nümunəvi olmalıdır, diktə etməlidir. Dünyada bu belədir. Məsələn, Böyük Britaniyada BBC kanalı bütün televiziyaların menyusunu diktə edir. Çünki ölkənin 49 faiz tamaşaçısı məhz BBC kanalını izləyir. Orda da hər yoldan keçən efirə çıxa bilməz. Hətta əyləncəli kanallara belə.
Ona görə də, digər əyləncəli kanallar da öz reputasiyasını qorumaq üçün çalışırlar ki, həmin balansı qorusunlar. Türkiyədə də belədir. Hər yoldan keçən müğənni efirə çıxa bilməz. Bizdə isə dövlət və İctimai Televiziyada da ara müğənniləri efirə çıxmağa yol tapırlarsa, özəl televiziyalardan nəsə tələb etmək çox çətindir.
Tutaq ki, bu mexanizm formalaşdı. Bəs meyarı kim müəyyənləşdirəcək? Kim seçəcək ki, bu yaxşı müğənnidir, yoxsa, pis? Bunun üçün musiqili redaksiya olmalıdır. O redaksiyanın başında isə gözü tox, kifayət qədər yüksək maaş alan, müğənnidən asılı olmayan, zövqlü adam olmalıdır ki, say-seçmə müğənniləri efirə çıxarsın.
Başqa bir məsələ də budur ki, say-seçmə müğənnilər də efirə çıxanda tamaşaçılar az baxırlar. Ara müğənniləri efirə çıxan kimi reytiqnlər dağılır. Təsəvvür edin, şəxsən mənim bəyənməyib tənqid etdiyim Damla, Üzeyir Mehdizadə kimi müğənnilər artıq, bəyənib televiziyalara gəlmirlər. İndi reytinq naminə televiziyalar onlara yalvarır. Görün televiziyalarda vəziyyət nə gündədir...
Zaur Əmiraslanov, Samir Cəfərov kimi müğənnilər efirə dəvət olunanda tamaşaçılar baxmır. Çünki son 20-25 il ərzində tamaşaçıların zövqünü o qədər korlamışıq, o qədər toyxananı efirə gətirmişik ki, nəticə etibarilə elə bir nəsil yetişib. Bu nəsil efirdə Damla, Üzeyir kimi müğənniləri görmək istəyir.