Onun qələmi yazmasa da, qələmlər ondan yazacaq
Şəxsən tanımasam da iti qələm sahibi olduğunu bilirdim. Onu xəstəliyi dövründə daha çox tanımağa başladım. Bir jurnalistə ölkəmizdə verilən dəyəri gördüm, müalicəsi ərəfəsində millət vəkilimizin, dövlətimizin onun qayğısına qaldığının hamılıqla şahidi olduq. Təəssüf ki, bəzən dəyişməyə pulun və sevginin də gücü çatmadığı alın yazısı var, çarəsi tapılmayan xəstəliklər var, insan həyatına daxil olarkən onun kimliyinə fikir verməz.
İnsan itkisi çox ağırdır, üstəlik o insanın gözü yolda qoyub getdikləri varsa, əgər azyaşlı övladı varsa daha ağırdır, axı bir uşaq atasızlığın acısıyla illər uzunu od tutub yanmalı olacaq, elə Zabil Müqabiloğlunun ölümü kimi...
Ölüm də demək olmur, bu cür qələm sahibləri ölmür əslində, illərlə yazdıqları, gördüyü işləri, qazandıqları hörməti ilə yaşayır əslində, amma bir boşluq dolur dostlarının içində, Zabilin zarafatlarına qalınan həsrət kimi...
Onun ölüm xəbəri hərkəsi üzdü, mətbuatın manşetləri Zabil Müqabiloğlunun bu acı xəbəri ilə açdı səhərlərini. 1 ildən çoxdur ki, saytlar, qəzetlər Zabildən yazır, insan inandıqlarına şübhə etmək istəyir, Zabil Müqabiloğlunun ölüm xəbəri düzgün deyil, o yaşayır və yaşayac aq deyir hissləri..
Zabil 19 il Azərbaycan mətbuatı üçün can qoyub. İndi Zabilin nə atası var, nə anası. Bu həyatda onun iki bacısı və bir oğlu nişanə qalıb. Zabilin bacısı Sevinc xanım üçün qardaş itkisinin acısı ağırdır, onun aylardır yaralı quş kimi çırpınması, Zabil haqqında mütəmadi olaraq yazılar dərc etdirməsi və bacı kimi son vəzifəsini yerinə yetirmək istəyi xeyli müddətdir ki məni təsirləndirir. Ağrısı hiss edilər, sovudulmaz, təsəllisi sakitləşdirər, qaysaq bağlayan yaraya məlhəm olmaz, ağırdır qardaş itkisi, çox ağır, sözlə ifadə olunmaz...
Və Zabilin oğlu Əli... Bir də onun gözüylə bax bu dünyaya, onun gözlərindəki ata həsrəti, hər gün oğluna sarılmasının həsrəti var, telefon zəngini gözləməsi, səsini eşitmək üçün darıxmağı var, dastan yazsan bitməz bir ata öpüşünün həsrət duyğusunu, atasızlıq çarəsizliyini... Üstəlik Əlinin səhhətində problemi varsa ... (Zabilin 14 yaşında Əli adlı oğlu var. İndi Əli anasıyla yaşayır. Nitq qüsuru var. Müalicə olunmalıdır. Bunun üçün isə ailənin elə də maddı imkanı yoxdur).
Bildiyimiz kimi bir müddət öncə Sabunçu rayon, Pirşağı qəsəbəsindəki "Məşəl” düşərgəsinin ərazisində güclü yanğın zamanı mərhum jurnalist Zabil Müqabiloğlunun bacısının yaşadığı ev yanaraq kül olub.Bu xəbər də Zabilin ölüm xəbəri kimi ağrılı acılı oldu, axı burada təkcə onun bacısının yaşadığı ev deyil, həm də Zabilin hər küncünə bucağına hopmuş xatirələri yandı... Sevinc xanımın Zabilin qoxusunu aldığı, xatirələriylə sakitlşdiyi, sonuncu təsəlli ünvanı ata evinin bir anın içində yanıb kül olması varsa qismətində, gəl anla da təsirlənmə, hakim ol göz yaşlarına...
İndi hər kəs bu ailənin dövlətimizin diqqəti altında evlə təmin olması xəbərini gözləyir. Tezliklə Sevinc xanıma növbədənkənar ev veriləcək, bu evlərində də Zabilin xatirələri olacaq, yenidən başlayacaq yazılmağa Zabil xatirələri. Yenidən yazacaq qələmlər Zabilin ölümsüzlüyündən, necə ki 1 ildir Zabilin qələmi yazmır, amma bütün qələmlər Zabildən yazır.
(Vüsalə Qələndərli)