Böyük Britaniyanın Ekseter universitetindən olan tədqiqat qrupu yüksək arterial təzyiq və yüksək miqdarda şəkər və alkoqol qəbuluna səbəb olan "FGF21" (allel) gen variantını aşkarlayıb.
Mynews.az oxu.az-a istinadən bildirir ki, tədqiqat haqqında məqalə "Cell Reports" jurnalında dərc olunub.
"FGF21" geni qaraciyərin ifraz etdiyi, insulinə yüksək dərəcədə həssaslığa cavab verən hormonu kodlaşdırır. Yüksək hormon səviyyəsi qaraciyərin qeyri-alkoqol piy xəstəliyindən, həmçinin kökəlmədən əziyyət çəkən insanlarda müşahidə olunur.
"FGF21"in bəzi mutasiyaları fərqli xassələri olan allellərin meydana gəlməsinə gətirib çıxarır.
Alimlər "UK Biobank"ın uzun müddət ərzində apardığı tədqiqatda iştirak edən 500 min nəfərin məlumatlarını təhlil edib. Könüllülər DNT müayinəsi üçün qan, tüpürcək və sidik nümunələri verib. Onlar eyni zamanda müntəzəm olaraq qəbul etdikləri qidalarla bağlı anketi doldurub.
Alimlər insanların 45 faizində rast gəlinən və müvafiq hormonun aşağı aktivliyi ilə şərtlənən "FGF21" geninin allellini üzə çıxarıb. Məlum olub ki, bu gen variyantın olması yüksək şəkər və alkoqol qəbulu və aşağı zülal və yağ səviyyəsi ilə əlaqədardır.
Sonuncu göstərici bilavasitə bel-omba nisbətindən (WHR) asılı olsa da, indiki halda bu asılılıq əks mütənasib olub; yəni yağların azalması bel-omba nisbətinin çoxalması ilə əlaqədar olub.
Gen variantının yüksək qan təzyiqi ilə qarşılıqlı əlaqəsi aşkarlansa da, bu asılılıq nikotin, alkoqol və duzun qəbulu azaldıldıqda belə aradan qalxmır.