Allergiyalı körpələrə peyvəndin vurulmasına aydınlıq gətirildi

716
Allergiyalı körpələrə peyvəndin vurulmasına aydınlıq gətirildi

Allergik xəstəliklərin yaranmasına daha çox ətraf mühit, qida məhsulları, iqlim dəyişiklikləri səbəb olur.

Mynews.az xəbər verir ki, bunu pediatr-allerqoloq, professor Amaliya Əyyubova bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ona ünvanlanan müraciətlərin çoxu allergiyalı olan körpələrə peyvəndin vurulub-vurulmaması ilə bağlıdır.

Pediatr-allerqoloq qeyd edib ki, belə olduğu halda allergiyalı körpələrə peyvənd vurmaq olar: 

“Allergik xəstəliklərin artmasının ən başlıca səbəbi qidalarla bağlıdır. Məsələn təbii südü misal gətirək. Onu qaynadaq və 3-4 saatdan sonra həmin süddə də mikroblar əmələ gəlmiş olacaq. 

Peyvənd o uşaqlara vurulmalıdır ki, onlar tam sağlam olsun. Sağlam olmayan uşaqlara peyvənd vurmaq olmaz. Biz istəyirik ki, həmin uşaqda immunitet olsun.

Son vaxtlar valideynin icazəsi olmadan peyvənd edilmir. Tək-tək körpələrdə peyvəndlər ağır fəsadlara yol açır. Bu da uşağın immun sisteminin zəif olması ilə əlaqədardır. Belə körpələrə peyvənd vurulması qadağandır. Əlbəttə, belə olduğu təqdirdə valideyn də narazı olacaq

Mənə sual verirlər ki, allergiyalı uşağa peyvənd vurmaq olar? Bəli, əgər həmin uşaqda asmaya meyilliklik, boğulmalar yoxdursa, olar. Bunun üçün uşağı peyvənd üçün 2 həftə əvvəlcədən hazırlamaq lazımdır”. 

A. Əyyubova diatezli körpələrdə gələcəkdə bu və ya digər allergik xəstəliklər özünü büruzə verəcəyini də qeyd edib:

"Bəzi valideynlər diqqətsizlik edərək övladlarının mütəmadi şəkildə burunlarının axmasına ciddi yanaşmırlar. 2025-ci ilə qədər dünyada hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək. Qidalar bu sahədə əsas problemlərdən biridir. "

Xəbər lenti