“Səs “ qəzetinin baş redaktoru Bəhruz Quliyev ATƏT-in müşahidə missiyasının seçki ilə bağlı hesabat məruzəsi zamanı məlum çıxışını sosial şəbəkədə tənqid edənlərə cavab verib.
Mynews.az xəbər verir ki, o “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ATƏT-in müşahidə missiyası və AŞPA-nın rəyləri Azərbaycan xalqının rəyini ifadə etmirdi: “Bu xalqa hörmətsizlik idi. Vətənini, dövlətini sevən hər kəs öz mövqeyini bu cür ortaya qoya bilərdi. Sadəcə ona səbrlə və təmkinlə yanaşmaq lazım idi. Ancaq hesabatın birinci və ikinci cümləsində haqsızlıq, şər-böhtan və əsassız iddialar səsləndi. Hər insanın da bir əsəbi var. Mən dözə bilmədim. Ancaq peşman da deyiləm. Özümün vətəndaşlıq mövqeyimi ortaya qoymuşam. Bu çıxışdan sonra Azərbaycanı sevən hər kəs də mənə hansısa formada minnətdarlığını çatdırıb.
Yəqin ki, bir-iki müxalifət trolları bunu Azərbaycanın nüfuzu üçün yaxşı hal saymaya bilər. Əleyhimə yazanları qəbul etmirəm. Qlobal və beynəlxalq müstəvi baxımından biz çıxışı səbrlə oturub gözləməli idik. İkinci tərəfdən isə vətəndaşlıq mövqeyi ilə çıxış edəndə bi dözümsüzlük həddi idi. Azərbaycan xalqı orda olsaydı, nəinki ayağa qalxıb etiraz edərdilər, hətta başqa şeylər də ola bilərdi. Bunu Azərbaycanın imicinə xələl gəlmək məqsədiylə etməmişəm.
Mən xatırlayırsınızsa 2013- cü ildə də ATƏT-in böhtan xarakterli hesabına sərt reaksiya vermişdim. Nə vaxtsa belə hal təkrarlansa yenə eyni hərəkəti edəcəm. Yolumdan dönən deyiləm. Sözsüz ki bu yaxşı hal deyil, dövlətin imicinə ləkə gələ bilər”.
Onun sözlərinə görə, bu çıxışdan sonra hökumət rəsmiləri tərəfindən nə yaxşısına, nə də pisinə ona heç nə deyilməyib: “Üç cümlə deyəndən sonra o boyda vərəqi oxumağa lüzum görmədim. Elə hesab edin ki, bizi qoyublar qarşılarına, başlayırlar üzümüzə söyməyə. Vətənimizi, xalqımızı dövlətimizi söyürlər, bir azdan evimizi ocağımızı ailəmizi də təhqir edəcəklər. Bunlara heç kim dözə bilməzdi”.