İllərdir Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problemi gündəmdən düşmür.
Min bir əziyyətlə başa gələn evlərin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın arzusu olaraq qalır. Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, hələ ki konkret nəticə hasil olmayıb.
Hələ bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən sənədsiz evlərin sayının 700 mindən artıq olduğunu açıqlamışdı.
2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini deyib:
"Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq elə etmək lazımdır ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısı tam şəkildə alınsın. Sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər irəli sürülə, rüşvət, əsassız maraqlar ola bilər. Bu, reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm. Bu məsələnin həlli üçün şəffaf mexanizm işlənməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər".
Amma görünən odur ki, cənab prezidentin dediyi kimi, xoşniyyətli təşəbbüsdən qaz vurub qazan dolduranlar var. Əks halda sənədləri qaydasında olan vətəndaşları min bir bəhanə ilə get-gələ salmazdılar. Ölkə başçısı 2015-ci ilin yanvarında "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etməlidir.
Fərmanın verilməsində 3 il keçməsinə baxmayaraq hələ də vətəndaşlar evlərin və torpaq sahələrinin özəlləşdirilməsində bürokratik ənəgəllərlə qarşılaşırlar.
Məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında sənədsiz evlər probleminin həlli istiqamətində işlərin aparıldığını bildirib:
"Cənab prezident dəfələrlə çıxışlarında bu məsələyə toxunub. Milli Məclisdə də bu istiqamətdə söhbətlər aparılıb. Bununla bağlı Tikinti və Şəhərsalma Məcəlləsinə müəyyən dəyişikliklər edilib. Bildirilib ki, sənədsiz evlər mütləq sənədləşdirilməlidir. Çünki bu dövlətin özünə də ziyandı. Bu gün Azərbaycanda 100 minlərlə sənədsiz evlər var. Həmin evlər sənədləşdirilən zaman dövlət büdcəsinə xeyli miqdarda vəsait daxil olar. Digər tərəfdən də bələdiyyələrin həmin sənədləşdirilən evlərdən əmlak vergisi yığmağa imkanı olacaq. Bununla da bələdiyyələrin də hesabına xeyli kiqdarda vəsait daxil olacaq. Sənədsiz evlərin sənədləşdirilməməsi dövlət strukturlarına, bələdiyyələrə və ən başlıcası isə insanlara ziyandır”.
Deputat bildirib ki, sənədsiz evlərdə yaşayan insanların uçot yerləri bilinmir:
"Oradan hərbi xidmətə çağırışa gedən şəxslərin yeri bilinmir. Vətəndaş yaşayış yerindən arayış ala bilmir. Bu kimi çətinliklər var. Bu da qəbul olunmaz hazldır. Vətəndaşın yaşadığı yerdə qeydiyyatı olmalıdır. Cənab prezident də sənədsiz evlərin həlli istiqamətində tələb irəli qoyub. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi də bu istiqamətdə işlər görür. Yerlərdə vətəndaşları bir neçə saat müddətində qeydiyyata alırlar. Və onların mülkiyyətinə dair sənədlər verilir. Sənədsiz evlərin həlli istiqamətində işlər aparılır. Mən deyə bilmərəm ki, bu proses bir aya qutaracaq. Bu illərlə davam edəsi məsələdir. Bu gün Bakıda 100 minlərlə sənədsiz evlər var. Çox təəssüflər olsun ki, yenidən tikilən evlərin bir çox qanunsuz tikilir. Bu evlər müəyyən yollarla tikilir. Belə hallar da problem yaradır. Hökumət tərəfindən də tapşırıqlar olub ki, sənədsiz tikilən evlərə icazə verilməsin. Belə halların qarşısı alınsın ki, gələcəkdə problemlər yaranmasın”.