4 mart tarixində yenə sevimli tamaşaçılarının görüşünə gələn "Oyan Azərbaycan" verilişi şənbə səhərini idmançılarla açıb.
Mynews.az bildirir ki, 5 mart "Bədən tərbiyəsi və idman" günü münasibətilə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova, sərbəst güləş üzrə ikiqat dünya çempionu Hacı Əliyev və kikboksinq üzrə ikiqat dünya çempionu "Qızıl oğlan" ləqəbi ilə tanınan boksçu Nahid Əsədov aparıcı Firanın qonaqları olublar. Azərbaycan idmançılarının 2016-cı ildə reallaşan müxtəlif yarışlarda qazandıqları 837 medal və 2017-ci ildə keçiriləcək yarışlara hazırlıqdan bəhs edilib.
Verilişin qonaqları bununla da bitməyib. YAP Gənclər Birliyinin sədri Seymur Orucov "Cocuq Mərcanlıdan Şuşaya" gənclərin inşaat dəstəsinin təşkil olunmasının məqsədlərindən danışıb.
Proqramda yer alan yeni rubrika da diqqətdən yayınmayıb. Belə ki, səhər verilişi daha bir missiyanı öz üzərinə götürərək iş axtarışında olanlar üçün "İş verən" rubrikasını təqdim edib. İş axtaranlar proqrama müraciət edərək axtardıqları peşəyə uyğun qeydiyyata düşə, eləcə də fəaliyyət göstərən qısa qaynar xətt nömrəsinə SMS yaza bilərlər.
Verilişin bazar efiri də həm qonaq, həm də ifaçılar baxımından maraqla qarşılanıb. "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı müharibə və sülh şəraitində jurnalistlərin davranış qaydalarından danışıb. Dünya təcrübəsindən nümunələr göstərib.
Xalq artisti Mübariz Tağıyev və sevimli tələbələri də "Oyan Azərbaycan" tamaşaçılarını ifaları ilə salamlayıblar.
Hər həftə uğurun zirvəsində olan insanlarla görüşən Azər Bəy "Uğur düsturu"nu Rəvan Habiloğlu ilə müzakirə edib. Doğum günü ərəfəsinə təsadüf edən görüş ifaçının evində baş tutub. Rəvan Habiloğlu ona ünvanlanan sualları maraqlı və özünəməxsus şəkildə cavablayıb.
Səhər proqramı hər həftə müxtəlif mövzularda hazırlanan və gündəmi əks etdirən 20-dən çox maraqlı reportaj və videomaterialları tamaşaçılarına təqdim edir. Verilişin içində yer alan digər rubrikalar ("Haqqım var", ""Balalar bilirmi?!", "Sərhədsiz", "Xərci var", "Bilirsinizmi", "Biş-düş", "Kəndçi", "Möhkəm ol", "Özünü sına", "Meqapolis", "Dostum", "Düzələr", "Ulduzlu uşaq" "Uğur düsturu" və s.) da xüsusi mövzuları və yanaşmaları ilə seçilir.
Trend.az, Day.Az, Milli.Az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru Sərvər Abdullayevdir. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8:00-11:00 radələrində efirə çıxır.