Bir neçə tanınmış məmurun övladlarının Konstitusiya Məhkəməsində vəzifə tutması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Sosial şəbəkə istifadəçiləri onların məhkəmə aparatında yüksək vəzifələr tutduqlarını iddia edirlər.
Musavat.com-un əməkdaşı bununla bağlı kiçik araşdırma aparıb. Konstitusiya Məhkəməsinin saytında aparat əməkdaşlarının siyahısı yerləşdirilib. Siyahıda bir neçə tanınmış məmur övladlarının adına rast gəlmək mümkündür. Onlardan bir neçəsi:
Əfəndiyeva Humay Elçin qızı. Baş nazirin müavini, yazıçı Elçin Əfəndiyevin qızıdır. 1975-ci il təvəllüdlü Humay Əfəndiyeva Konstitusiya Məhkəməsində Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsini tutur, Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi var. Humay Əfəndiyeva “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Dünyamalıyeva Nigar Zahid qızı. Atası Zahid Dünyamalıyev uzun illər daxili işlər orqanlarında yüksək vəzifələrdə işləyib. Sonuncu iş yeri daxili işlər nazirinin birinci müavini vəzifəsi olub. Zahid Dünyamalıyev bu vəzifədə 12 il olub. Hacı Məmmədovun başçılıq etdiyi dəstə ifşa olunduqdan sonra Daxili İşlər Nazirliyində bir sıra yüksək vəzifəli, o cümlədən, Zahid Dünyamalıyev işdən uzaqlaşdırılıb. O, 2009-cu ildə dünyasını dəyişib. Mərhum generalın qızı Nigar Dünyamalıyevanın 37 yaşı var və Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavinidir. Siyasi elmlər namizədidir, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı var.
Aslanov Tural Aslan oğlu. “AzərTAc” dövlət informasiya agentliyinin baş direktoru Aslan Aslanovun oğludur. 1982-ci il təvəllüdlü Tural Aslanov Konstitusiya Məhkəməsində Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini tutur. Beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Seyidov Fərrux Ənvər oğlu. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi Ənvər Seyidovun oğludur. Konstitusiya Məhkəməsində Məhkəmə iclaslarının təşkili sektorunun müdiridir, dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi var. 34 yaşlı Fərrux Seyidov hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsində 9 şöbə, 2 sektor fəaliyyət göstərir. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.