ARB TV-nin "Rezonans" verilişi məhkumların 8 Martla bağlı özəl proqramını təqdim edib.
Məhkumların anaları ilə bağlı ürək sözləri və məhkum olan anaların övladları haqda dedikləri hər kəsi təəccübləndirib:
Yeganə Ələsgərova (10 il 6 ay): "Övladıma demək istəyirəm ki, pis işlərdən uzaq olsun. Nənə və babasının sözünə baxsın".
Hafiz Hacıyev (ömürlük həbs): "Anama övladlıq borcumu yerinə yetirə bilməmişəm. Arzu edirəm ki, qapım açılsın, az da olsa nəsə edim".
Könül Məmmədova (11 il 3 ay): "Bütün analara onu demək istəyirəm ki, övladlarına yaxşı baxsınlar. Böyük günah işləmişəm".
Pərviz Quliyev (1 il): "Əgər desələr ki, bir arzu tut reallaşacaq, heç vaxt anaların ölməməsini istəyərəm".
İlhamə Ağayeva (7 il): "Övladıma görə yaşayıram. O, mənim üçün hər şeydir. Sizin vasitənizlə ona demək istəyirəm ki, səni çox istəyirəm. Görüşə gələndə dedi ki, səni yanımda görmək istəyirəm, sən mənsiz necə tək qala bilirsən?! 4 divarın içində hara baxıramsa, qızımı görürəm."
Anar Məmmədov (7 il 6 ay): "Anam üçün çox darıxıram. İstəyirəm gedim atamın qəbrini təmizləyim".
Gülviyyə Əzimli (8 il): "Balamın ad gününü burada keçirdim. 4 ad günüdür ki, gəlir burada qeyd edirik. Evimdə uşağımla birgə olmağı istəyərdim".
Gülviyyə Əzimlinin uşağı: "Sənsizlik mənə dar gəlir. Ana, nə vaxt gələcəksən? Sən gəl, mən həm oxuyaram, həm işləyərəm, sizə baxaram. Ana, bir də pis yola düşmə".
Mahir Mahmudov (13 il 2 ay): "Bura özü canlı qəbirstanlıqdır. 13 illik cəzam var, anam xəstədir. Anam rəhmətə getsə, onun dəfnində iştirak edə bilməsəm, nəyə yaşayıram?!"