Keçiriləcək növbəti “Formula-1” Azərbaycan Qran-Prisi yarışları ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq 2015-ci ilin protokoluna uyğun Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədi ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı şəhərində qeydiyyatda olmayan minik və yük maşınlarının paytaxta girişinə aprel ayının 23-dən məhdudiyyət tətbiq ediləcək.
Bu haqda Mynews.az-a Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə bağlı paytaxta gəlmək istəyən rayon sakinlərinə tövsiyə edir ki, respublikanın digər regionlarında qeydiyyatında olan fərdi avtomobillərin Bakı şəhərində əlavə nəqliyyat sıxlığı yaradacaqlarını nəzərə alaraq paytaxta gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə etsinlər.
Bakı şəhərinə girişi məhdudlaşdırılan nəqliyyat vasitələri ilə gəlmək məcburiyyətində qalan sakinlər üçün isə ötən illərdə olduğu kimi, şəhərin giriş hissələrində hər bir lazımi şəraitlə təchiz olunmuş mühafizə olunan ödənişsiz duracaqlar təşkil edilib ki, sakinlər həmin duracaqlarda öz avtomobillərini saxlamaqla xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metrostansiyasına gedə, habelə taksi xidmətlərindən istifadə edə bilərlər.