Azərbaycan Prezidenti İlham Əliyev müxalifət barədə dediyi fikirlərdə kifayət qədər haqlıdır. Müxalifətin radikal qanadı dəyişə, yenilənə bilmədi, cəmiyyətdə gedən proseslərin məntiqinə uyğun öz işini qurmağı bacarmadı.
Mynews.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
F.Ağamalı bildirib ki, radikal müxalifət ancaq inkarçılıq mövqeyində dayanaraq böhtan dolu ifadələrlə, fikirlərlə iqtidar üzərinə getməyə çalışdı:
"Başqa bir tərəfdən, onlar Azərbaycan xalqının iradəsinə söykənmək, xalqın inam və etimadını qazanmaq əvəzinə daha çox xarici himayədarlar axtarmağa çalışdılar, bu yöndə fəaliyyət göstərdilər, qrantlar vasitəsilə özlərinə şərait qurdular və beləliklə adlarını müxalifət qoyaraq faktiki olaraq özləri üçün siyasi proseslərdən dividend kimi istifadə etdilər. Mən deyərdim ki, bunu daha çox partiya liderləri etdilər, siravi üzvlər də həmin liderlər tərəfindən aldadıldılar və müxalifətin həmin aldanan az sayda sosial bazası da onlardan uzaqlaşdı, indi onlar tamamilə ofis partiyasına çevriliblər və tarixin zibilxanasındadırlar. Bu gün, sabah tamamilə aradan çıxacaqlar".
Deputat bildirib ki, müxalifət prezident seçkiləri dövründə və sonra Bakı şəhərində mitinq keçirməyə çalışdı, ancaq ora min nəfər adam yığa bilmədi: "Radikal müxalifətin bütün qanadları tərəfdarlarına müraciət etsələr də, mitinqə min nəfər yığa bilmədilər. Ora gələnlərin də əksəriyyəti onların çox dar əhatəsi, həvəs üçün ora gələnlər, mitinqin təhlükəsizliyini təmin edən hüquq-mühafizə orqanlarnın əməkdaşları idi. Deməli orada heç 300-400 nəfər də yox idi. Yəni, radikal müxalifətin mənzərəsi bundan ibarətdır. Onların iflasa uğraması bir neçə il bundan əvvəl başlamışdı və artıq onlar iflasa uğrayıblar və mən əminəm ki, çox yaxın zamanda onlar ofis partiyası səviyyəsindən də məhrum olacaqlar".