Dəyişən, inkişaf edən dünyada tez-tez homoseksual, transseksual ifadələri ilə qarşılaşırıq. Əvvəllər xarici mediada belə insanlara rast gəlsək də, artıq ölkəmizdə də bu cür insanlarla bağlı xəbərlərə tez-tez rast gəlirik. Elə son aylarda mətbuatda cinsini dəyişən azərbaycanlı xanımla bağlı xəbər səs-küyə səbəb oldu.
Minval.info xəbər verir ki, əsl adı Səbinə Kurqunayeva olan bu xanım mingəçevirlidir. Hazırda Amerikada təhsil alır.
Azərbaycanda cinsi azlıq nümayəndələrinin rahat yaşaya bilmədiyini əsas gətirərək xaricdə yaşamağı üstün tutan xanım öz cinsiyyətindən də imtina edib. Belə ki, xanım cinsiyyətini dəyişmək üçün lazım olan proseslərə artıq başlayıb və adını da Sebastian olaraq dəyişib. Özünün “Youtube”, “Instagram” hesablarında şəxsi bloqunu yaradaraq, oğlan olaraq necə dəyişdiyini izləyiciləri ilə paylaşır.
Özündən başqa bir qardaşı olduğunu deyən Sebastian bildirib ki, onunla arasındakı münasibət çox yaxşıdır
Sebastian ailəsi haqqında danışarkən valideynlərinin hərbçi olduğunu daha sonra atasını qəzada itirdiyini deyib:
“Valideynlərimin hər ikisi hərbçi olub. Mən uşaq ikən atam avtomobil qəzasında dünyasını dəyişib. Daha sonra anam qardaşımın atası ilə tanış oldu və sonradan qardaşım aramıza qatıldı. Anamla aram uşaq vaxtı çox yaxşı idi. Hətta anam çox demokratik insan olub, hər zaman yanımda olub. Lakin böyüdükdən sonra anama özüm haqqındakı gerçəyi dedim və o gündən sonra anamla aramda bir uçurum yarandı. Artıq biz bir-birimizə yadıq”.
Orta məktəblə bağlı təəssüratından danışarkən xoş xatirələrinin çox az olduğunu qeyd edib:
“Müəyyən bir yaşdan sonra mənim haqqımda şaiyələr yaymışdılar. 9-cu sinifdə oxuyanda artıq sinifdə heç kim mənə salam da vermirdi. Düz-əməlli şəhərə çıxa bilmirdim, hər kəs məni barmağı ilə göstərirdi. Məhəlləmizdəki uşaqlar divarlara nömrəmi yazmışdı”
Sebastian ilk dəfə Amerikayla 10-cu sinifdə oxuyarkən tanış olub. İmtahan verərək Fleks proqramı vasitəsilə bu ölkədə oxumağa haqq qazanıb. Uşaq vaxtından məktəbdən kənar həyatının çox aktiv olduğunu söyləyən Sebastian Amerikanın onun hər zaman arzusu olduğunu qeyd edib.
Mentalitetin güclü olduğu ölkələrdə insanların sərbəst yaşamağı çox çətindir. Haqqında danışdığımız bu xanım da insanların cəmiyyətin fikirləri üzərində həyatlarını qurmamasını, sadəcə istədikləri həyatı seçmələrini arzuladığını bildirib.