Bakıda bir çoxları ucuz olsun deyə bələdiyyə sənədi ilə olan torpaqları almağa üstünlük verir. Halbuki, bir çox yerlərdə elə həmin qiymətə çıxarışı olan torpaqlar satılır.
Mynews.az "Xəzər TV"yə istinadən xəbər verir ki, ekspertlər bələdiyyə sənədi ilə satılan torpaqların sonradan bir sıra problemlərə səbəb olacağını deyir və buna görə ucuz qiymətə çıxarışı olan torpaqları almağın daha doğru seçim olduğunu düşünürlər.
Ekspert Nofəl Quliyev Bakının müxtəlif ərazilərində torpağı çıxarışla sotunu 1000-1500 manata satın almağın mümkün oldugunu bildirib.
Ekspert bildirir ki, istənilən şəxs torpaq alarkən onun çıxarış verilməsi mümkün olmayan ərazilərdə yerləşmədiyinə əmin olmalıdır.
Məsələn, Türkan qəsəbəsində sotu 1500 manatdan torpaqlar təklif olunur. Ekspertlər bildirirlər ki, çıxarışla torpaq alan şəxsləri heç bir risk gözləmir. Çünki həmin torpaqlar məhz onun mülkiyyəti hesab olunduğundan həm orda ev tikmək üçün icazəni almaq asandır, həm də ərazidə dövlət əhəmiyyətli hansısa infrastruktur layihələri icra edilərsə bazar qiymətinə uyğun torpaq və ya ev sahibinə kompensasiya ödəniləcək.