Ötən gün Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər. Saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu "BizimləSən" verilişidir. Belə ki, ginekoloq Natiq Məhərrəmov bəhs etdiyimiz verilişdə tez-tez reklam edilir, mükəmməl, peşəkar, xeyirxah, xəstələrini düşünən biri kimi göstərilir. Bu yolla da verilişi izləyən minlərlə insan həkimin tələsinə düşüb, onun qəbuluna yollanıblar. Bu məsələ də Zaur Bəxşəliyev hər hansı bir cinayət məsuliyyəti daşıyırmı?
Bununla bağlı BiG.AZ-a açıqlama verən vəkil Fariz Namazlı bildirib ki, ilk öncə dəqiqləşdirmək lazımdır ki, həmin həkimlə Zaur Bəxşəliyevin nə kimi əlaqələri var: “Aralarında hansı bir razılıq olub? Həkimin cinayət məsuliyyətinə görə tutulması Zaurun da bu məsələyə görə məsuliyyət daşımalı olduğu demək deyil. Bunu həmin şəxs özü edib. Əgər Zaur həmin həkimlə əvvəlcədən razılaşıb satılan dərmandan gələn gəliri bölübsə o zaman qarşılıqlı məsuliyyətdən danışmaq olar. Amma bu təbii ki, istintaqın gedişatında bəlli olacaq. Əgər Zaurun həkimlə əlbir olduğu ortaya çıxarsa eyni maddə ilə cinayətə cəlb edilə bilər. O, verlişinin reytinqi üçün efirə çıxartdığı insanı araşdırmalıdır. Sabah ekspert kimi efirə çıxartdığı şəxs həbs olunarsa onun verlişinin reytinqinin aşağı düşməsinə səbəb olacaq. O, cəhətdən efirə çıxartdığı insanları araşdırmalıdır”.