Təhsildəki neqativ halların artmasında günahkar, ilk növbədə, bəzi ümumtəhsil məktəblərinin direktorlarıdır. Bəzi direktorlarımızın peşəkarlığı orta ümumtəhsil məktəblərini idarə edəcək səviyyədə deyil. Direktor hansısa test imtahanının nəticələrinə və ya kiçik bir müsahibəyə əsasən vəzifəyə təyin olunmamalıdır.
Mynews.az xəbər verir ki, bu sözləri Axar.az-a son vaxtlar məktəblərdə qeydə alınan neqativ hallardan danışan təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, son 5 il ərzində Azərbaycan təhsil müəssisələrində baş verən neqativ halların sayı son 15 illə müqayisədə olduqca artıb:
“Bu, daha çox şagirdlər arasında baş verən fiziki zorakılıq, bir-birlərinə xəsarət yetirmə, müəllim-şagird arasındakı münasibətlərin arzuolunan səviyyədə olmaması və s. formada müşahidə olunur. Müşahidələr göstərir ki, təhsildə neqativ hallar daha çox yeni şəxslərin təyin olunduğu və orta ümumtəhsil prosesinə ilk dəfə qoşulan şəxslərin rəhbərlik etdiyi müəssisələrdə baş verir. Direktorlar öz tabeliyində olan işçiləri, yəni müavini, sinif rəhbərini, məktəb psixoloqunu, məktəb tibb xidməti rəhbərini və s. düzgün şəkildə idarə etmirlər. Problem bundan qaynaqlanır”.
Eskpert bəzi şagirdlərin əxlaqsız hərəkətlərinin qarşısını almaq üçün məktəblərin hər yerində kamera nəzarətinin vacib olduğunu bildirib:
“Orta ümumtəhsil müəssisələrində şagirdlərin hərəkət etdikləri yerlərə kamera quraşdırılmalı və bu çəkilişlərə ciddi nəzarət olunmalıdır ki, mümkün neqativ proseslərin qarşısı alınsın. Çətin, idarəedilməz şagirdlərlə bağlı məktəbin psixoloqu rəy hazırlamalıdır. Bu gün orta ümumtəhsil müəssisələrimizdə çalışan bəzi psixoloqlar öz peşə fəaliyyətlərini yerinə yetirə bilmirlər. Məktəblərimizdə çalışan psixoloqlar ilk növbədə psixologiya ixtisasını bitirmiş şəxslər olmalıdır. Hansısa baytarlıq, kənd təsərrüfatı ixtisasını bitirib, 6 aylıq kurs keçən şəxsi psixoloq vəzifəsinə təyin etmək olmaz. Necə ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılır, o şəkildə psixoloqları da yoxlamaq lazımdır”.
Şagirdlərin fərdi iş vərəqələrində təlim-tərbiyə işləri üzrə direktor müavininin, psixoloqun qeydlər aparmasının vacib olduğunu bildirən ekspert neqativ halların baş verdiyi məktəblərdə buna riayət edilib- edilmədiyinin yoxlanılmasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, son vaxtlar respublika məktəblərində azyaşlılara qarşı zorakılıq hallarının artması valideynlərdə ciddi təşviş yaradıb.