Azərbaycanlı diaspor sədri qızını erməniyə ərə verdi

1193
Azərbaycanlı diaspor sədri qızını erməniyə ərə verdi

Sabir Rüstəmxanlı: “Bunu qəsdən, millətin əsəblərini yerindən oynatmaq üçün edənlər də ola bilər”

Mətbuatda Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsi sədrinin qızının erməni oğlanla ailə həyatı qurması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə qəzəblə qarşılanıb.

Məlumata görə, toy mərasimi Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutub. Nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.

Qızın erməni oğlanla sevgili olduğundan xəbər tutan diaspor sədri A.Kərimov əvvəllər buna razı olmasa da sonradan razılıq verib. Məlumata görə, Kərimovun həyat yoldaşı Rigina Kərimova da erməni əsillidir. Elə buna görə də R.Kərimova qızının erməni oğlanla evlənməsini müdafiə edib.

Toy mərasimində Kərimov qızına və erməni kürəkəninə xeyir-dua verib. Eyni zamanda mərasimdə erməni və Azərbaycan musiqilərinin sədaları altında diaspor sədri və onun erməni qudasının rəqs etdiyi bildirilir.

Qeyd edək ki, azərbaycanlı diaspor sədrinin qızının erməni oğlanla ailə həyatı qurması Moskvada yaşayan azərbaycanlılar arasında da birmənalı qarşılanmayıb. Ölkəmizdə də bu hadisə ilə bağlı sərt fikirlər səsləndirilib.

Bəs görəsən, politoloqlar, ictimai xadimlər baş verənləri necə qiymətləndirirlər?

“Yeni Müsavat”a açıqlama verən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan ictimai şüuru o həddə çatmayıb ki, ermənilərlə şəxsi həyatda yaxın münasibət qurmağa icazə versin: “Ürəyində Xocalı dağını gəzdirən insanlar var. Ona görə də 1905, 1907,1920-ci illərdə xalqımızı soyqırım və deportasiyalara məruz qoyan, ərazilərimizin 20 faizini işğal edib 1 milyon insanımıza qarşı etnik təmizləmə aparan ermənilərin bizə çəkdiyi dağı asanlıqla həzm edib, bu millətlə multikultural dəyərlər əsasında münasibətlər qura bilmərik. Mən bunun üçün hər hansı zəmin yetişdiyini görə bilmirəm. Əbədi düşmənçiliyin tərəfdarı da deyiləm. Ancaq ən azından Azərbaycan xalqına vurulmuş yaraların sağalmasını, torpaq itkisinin bərpa edilməsini, insanların mənəvi terapiyaya məruz qalmasını da istəyirəm ki, bu yolun da gediləsi hissəsinin çoxu ermənilərin payına düşür. Ermənilər daha çox addım atmalıdırlar ki, bir millət kimi azərbaycanlılarla onların arasında normal insani münasibətlər bərqərar olsun”.

Politoloq hesab edir ki, sözügedən azərbaycanlı ailəsində hökm sürən mənəvi-psixoloji atmosfer kosmopolit səciyyəli olub: “Ağadadaş Kərimovun həyat yoldaşının da erməni əsilli olduğunu nəzərə alsaq, mənzərə aydın olur. Hər halda, bu ailədə böyüyən uşaqlar Azərbaycan dəyərlərinə sadiq olmalı idilər. Özünü Azərbaycan türkü kimi dərk edən insanın indiki şəraitdə erməni ilə yaxınlaşması üçün lazımi ictimai-siyasi mühit formalaşmayıb”.

Sabiq millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı isə qəzetimizə danışarkən bildirdi ki, Rusiyada elə bir azərbaycanlı diaspora sədrinin olmasından xəbərsizdir: “Bildiyim qədər, Rusiyada Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri bir qadındır. Bu təşkilatın regional bölmələrinin sədrlərini isə tanımıram. Elə bir diaspora sədri yoxdur. Bu faktın özünə gəlincə, ermənilərlə münasibət quran insanlar var. Azərbaycandan çıxan elə insanlar var ki, gedib İrəvanda konfrans keçirir, ermənilərlə dostluq edir. Onlardan hər hansı biri gedib qohum da ola bilər. Bu bütün xalqın xarakterini göstərən bir əlamət deyil. Bunu qəsdən edənlər də ola bilər, millətin əsəblərini yerindən oynatmaq üçün edənlər də ola bilər. Məsələnin kökünü bilmədən ümumi fikir demək olmaz. Ölkəmizdə anası, yoldaşı və ya gəlini erməni olan kifayət qədər insanlar var. Onlardan doğulan uşaqlar da evlənmək üçün gedib erməni axtaracaqlar. Burada təəccüblü heç nə yoxdur”.

Qarabağ Azadlıq Təkilatının sədri Akif Nağı isə belə bir hadisənin yaşanmasına təəccübləndiyini bildirdi: “Çox təəssüf edirəm ki, hələ də belə azərbaycanlı var. Çox qəribədir. Mən bilirəm ki, Rusiyada yaşayan azərbaycanlılardan bəziləri ermənilərlə iş birliyində olurlar, aralarında biznes ortaqlığı olur. Bu cür hallar var. Biz bu halları da pisləyirik, səfərlərimiz zamanı oradakı insanlarla görüşlərdə də deyirik ki, bu biabırçılıqdır. Ancaq bu şəkildə qohum olmaq, qızını erməniyə vermək anlaşılan deyil. Onun ya həyat yoldaşı ermənidir, ya da qanında erməni qanı var. Təmiz azərbaycanlı heç vaxt övladını erməniyə ərə verməz. Yəqin bu insanın ətrafında azərbaycanlılar da var və bu hadisə ilə bağlı öz sözlərini deyəcəklər. Mənim üçün ağlasığmaz bir məsələdir. Bu insan ya tamamilə arını, namusunu itirib ya da erməni ilə qan qohumluğu var”.

Xəbər lenti