"Qızların erkən yaşda ərə verilməsinə yanlış dini təsəvvürlər şərait yaradır" Dövlət Komitəsi

847

Azərbaycanda erkən nikahların sayı azalmaqdadır.

"Qızların erkən yaşda ərə verilməsinə yanlış dini təsəvvürlər şərait yaradır" Dövlət Komitəsi

Mynews.az xəbər verir ki, bunu APA-ya Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib. O bildirib ki, Azərbaycanda 2011-ci ildə 5 138, 2012-ci ildə 295, 2013-cü ildə 229 erkən nikah faktı qeydə alınıb: "Lakin təəssüf ki, 2014-cü ildə erkən nikahlarda artım müşahidə olunur. 2014-cü ildə erkən nikahların sayı 479 təşkil edib. 2015-ci ildə bu rəqəm bir qədər azalaraq 388 olub. 2016-cı ildə isə ölkədə 312 erkən nikah qeydə alınıb".

A. Veysəlovanın sözlərinə görə, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2012-ci ildə 3236, 2013-cü ildə 2855, 2014-cü ildə 3296, 2015-ci ildə 2895 nəfər, 2016-cı ildə isə 2809 olub: "Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planına əsasən uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlərin görülməsi nəzərdə tutulub. Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların təhsil aldığı müəssisələrdə təhsilə davamiyyət ilə əlaqədar mütəmadi görüşlər təşkil olunur. Daha sonra müəyyən edilmiş risk qrupuna daxil olan uşaqların ailələri ilə preventiv işlər aparılır. Preventiv işlər çərçivəsində uşaqların təhsilə davamiyyəti ilə bağlı göstəricilər nəzərdən keçirilir, məktəbdə təhsil alan və risk qrupuna aid ailələrdən olan şagirdlərin təhsil göstəriciləri, eləcə də şagirdlərin dərsdənkənar üzləşə biləcəyi mənfi hallarla bağlı məktəb kollektivi ilə müzakirələr aparılır. Risk qrupuna daxil olan, xüsusilə qız uşaqlarını təhsildən yayındıran valideynlər nəzarətə götürülərək onlarla profilaktik işlər aparılır, problemlərinin həlli istiqamətində aidiyyəti dövlət orqanlarına müraciət edilir".

A. Veysəlova qeyd edib ki, xüsusilə gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var: "İlk növbədə qızların erkən yaşda ərə verilməsinə, təhsildən yayınmasına şərait yaradan yanlış dini təsəvvürlərin, stereotiplərin aradan qaldırılması üçün dövlət orqanları və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti gücləndirilməlidir. Valideyn məsuliyyətsizliyinin qarşısının alınması, onlara bilik və bacarıqların öyrədilməsi sahəsində maarifləndirmə işinin daha da gücləndirilməsi vacibdir. Həssas qruplara aid olan uşaqların iqtisadi, sosial və mədəni hüquqlarının qorunmasını təmin etmək üçün Komitənin nəzdində, 11 rayonda Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların müəyyənləşdirilməsi və onların ailələrinin yaşayış səviyyəsinin yüksəldilməsi ilə məşğul olan mərkəzlər həmin ailələri mövcud sosial xidmətlərlə əlaqələndirir".

Xəbər lenti