Kamran Əliyev 5 tələbənin ölümünə səbəb olan qəzada sərnişinləri də günahkar gördü ŞOK AÇIQLAMA

1068
Kamran Əliyev 5 tələbənin ölümünə səbəb olan qəzada sərnişinləri də günahkar gördü ŞOK AÇIQLAMA

Bir hadisə baş verən kimi hamı deyir ki, yol polisi baxmalıdır. Hər qurum gərək öz üzərinə düşən vəzifəni yerinə yetirsin.

Mynews.az  xəbər verir ki, bunu DİN-in Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev axar.az-a açıqlamasında deyib. K.Əliyev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözügedən mikroavrobuslara sərnişin daşımaq üçün verdiyi lisenziyanın ləğvindən sonra bu barədə BDYP-ni məlumatlandırıb-məlumatlandırmadığı sualına belə cavab verib:

"Onların bizə xüsusi müraciətinə ehtiyac yoxdur. Bu məsələ sərəncamla tənzimlənir və biz də bunu bilirik. Sadəcə, polisin bütün avtomobilləri bir-bir yoxlamaq, hansı avtobusun tutumundan artıq sərnişin götürdüyünü izləmək imkanı məhduddur”.

K.Əliyev qeyd edib ki, bir çox hallarda sərnişinlər özləri bu cür qanunsuzluğa şərait yaradırlar:

"Sürücülərlə bərabər, sərnişinlərə də dəfələrlə demişik ki, yer olmadığı halda, ayaq üstə uzaq məsafəyə getməsinlər. Çünki bu mikroavtobuslarda ayaq üstə durmağa və ya haradansa tutmağa yer yoxdur. Lap qəza olmasa, sürücü anidən əyləci sıxsa, insanlar xəsarət ala bilərlər. Yol polisi avtobusun tutumundan artıq sərnişin götürdüyünü polis postunda görə bilər. Nəzərə alın ki, avtomobil postdan 3 saniyə ərzində keçir. Üstəlik, sürücü "polis var, aşağı yatın” deyən kimi sərnişinlər aşağı yatır və polis içəridə nəzərdə tutulduğundan artıq sərnişin götürüldüyünü müşahidə edə bilmir. Yəni etiraf edin ki, bu qanunsuzluqda sərnişinlər də iştirak edir”.

K.Əliyev yalnız faciəvi qəzalar zamanı əhalinin polisi "yada salmasına” və qınamasına da etiraz edib:

"Hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir – aidiyyəti qurumlar da, sərnişinlər də, sürücülər də. Yalnız onda belə faciələrin qarşısını almaq olar. Faciə baş verəndən sonra polisi qınamaq yersizdir”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən mikroavtobusun yol hərəkəti qaydasını kobud surətdə pozması nəticəsində yol kənarında dayanan ZİL markalı yük maşınına çırpılması nəticəsində 2 qız və 3 oğlan olmaqla, 5 tələbə dünyasını dəyişib, 20-dən çox gənc yaralanıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olublar.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti həmin "Ford” markalı, 10 BE 132 dövlət mömrə nişanlı mikroavtobusun ümumiyyətlə sərnişin daşımaq üçün lisenziyası olmadığını açıqlayıb. Üstəlik, sürücünün 16 yerlik mikroavtobusa 28 sərnişin götürdüyü də üzə çıxıb və bu da narazılıqla qarşılanıb.

Faktla bağlı qəzanı törədən "Ford" markalı mikroavtobusun sürücüsü Namiq Hüseynov və ZİL markalı yük avtomobilinin sürücüsü Elvin Şəmistanlı saxlanılıb.

Xəbər lenti