Dünyamin Xəlilov Cahangir Hacıyevi ələ verdi “Pullara o nəzarət edirdi...”

532
Dünyamin Xəlilov Cahangir Hacıyevi ələ verdi “Pullara o nəzarət edirdi...”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən yüz milyonlarla dollarkredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
 
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən D.Xəlilov nəhayət ifadə verib. Xatırladaq ki, Dünyamin Xəlilov bundan əvvəlki məhkəmə iclaslarında danışmaqdan imtina edirdi.
 
Keçmiş deputat "ağzını açmaq” qərarına gəlib vəkeçmiş ortağını-Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevi ələ verib. Bildirib ki, kredit adı ilə müxtəlif MMC-lərin adına rəsmiləşdirilən pullar əslində bankda, yəni C.Hacıyevin nəzarətində qalırdı və həmin pullar "xarici layihələrə” yönəldilirdi.
 
Dünyamin Xəlilov bildirib ki, 1995-ci ildən Beynəlxalq Bankla işgüzar münasibətlər yaradıb: "2005-ci ildən ictimai fəaliyyətə başlamışam. Həmin ildən isə kommersiya fəaliyyətimə xitam vermişəm. Cəmiyyətdə kifayət qədər tanınan şəxsəm. Mən cinayət işində göstərilən həmin şirkətlərin rəhbəri olmamışam. Beynəlxalq Bankdan kredit götürüləndən sonra biz həmin pulları görməmişik. Pul "İntertekstl" şirkətinin fəaliyyətinə layihə məqsədi ilə ayrılıb. Pullar da bankda qalıb".
 
Keçmiş oliqarx-deputatın  sözlərinə görə, "Səbail Mebel" və digər şirkətlərə də eyni qayda ilə kredit ayrılıb: "Kreditlərin götürülməsi üçün sənədlər hazırlanıb, Beynəlxalq Bankın rəhbərliyinə göndərilirdi. Vəsaitlər iki bank vasitəsi ilə xarici bankların hesablarına köçürülüb. Mən həmin sənədləri məhkəməyə təqdim edə bilərəm. Şirkətlərdə təsisçi kimi görülən işlərin monitorinqini aparmışam. Şirkətlər isə Beynəlxaq Bankının rəhbərliyinin nəzarətində olub. Mən saxlanıldıqdan sonra istintaqa köməklik etmişəm. Çünkü orada mailiyyə məsələsini çox da yaxşı bilmirdilər. Xahiş edirəm bunu nəzərə alın. Pulları mənimsəməmişəm. Bilmirəm məni buraya niyə gətiriblər".
 
Daha sonra D.Xəlilov prokurorun suallarını cavablandırıb. Dövlət ittihamçısı həmin şirkətlərin Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin olub-olmamasını soruşub. Keçmiş deputat isə şirkətlər Beynəlxalq Bankın nəzarətində olduğunu söyləyib.
 
Prokuror bildirib ki, D.Xəlilov istintanqda verdiyi ifadəsində kreditlərin götürülməsi göstərişini C.Hacıyevdən aldığını deyib.
 
D.Xəlilov bankdan götürülən pulları xarici ölkələrdə layihə əsasında yaradılan işlərə ayrıldığını vurğulayıb: "Həmin işlərə isə Beynəlxalq Bank nəzarət edirdi. Pullar da layihəyə xərclənib".
 
D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs qətimkan tədbiri və digər şəxslərin barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib. (Report)

Xəbər lenti